GERİYƏ
Avtofayda 11594

Avtomobilin ilkin qeydiyyatı.


Avtomobilin ilk qeydiyyatı üçün 45 dəqiqə vaxt tələb edilir. Yeni avtomobil alarkən rüsmlar nə qədərdir? Avtomobil qeydiyyatı ilə bağlı sualınıza bu məqalədə cavab tapacaqsınız. Avtomobil qeydiyyatı zamanı diqqət etməli məqamlar, avtomobil qeydiyyat nişanlarının qiyməti və satışı haqqında buradan oxuyun.

cümə, 11 avqust 2017

iStock-531327396

Avtomobilin ilkin qeydiyyatı prosesi bizim sürücülərimiz üçün qaranlıq quyuya bənzəyir. Qeydiyyata getməyənlər ondan bundan eşitdikləri söhbətlərə görə xərcinin çox olacağını düşünür. Bəziləri isə ümumiyyətlə DYP İmtahan-qeydiyyat şöbəsinə getmədən elə salondaca avtomobilinə nömrə alır. Təbii ki, artıq pul ödəməklə.

Biz avtomobilin illik qeydiyyatı zamanı nə qədər xərc çəkəcəyimizi yoxlamaq üçün aldığımız avtomobillə DYP İmtahan qeydiyyat şöbəsinə getdik. Əlbəttə, Hyundai Azərbaycandan nəqliyyat vasitəsinə aid olan sənədlər (hesab arayış, alqı-satqı müqaviləsi, uçot kartı, yük gömrük bəyannaməsi) ilə birlikdə. Qeyd edək ki, aldığımız avtomobil Hyundai SantaFe 2400 kub sm. mühərrik həcminə malikdir. Və avtomobilimizə verilən tranzit nömrə 10 gün ərzində qüvvədədir. YHQ 27-ci maddəyə əsasən biz aldığımız avtomobili 10 gün ərzində qeydiyyata qoymalıydıq.

DYP-ə gəldikdə nahar vaxtı yenicə bitmişdi və biz saatlarımızı yoxladıq. Saat düz 14:00-ı göstərirdi. Məqsədimiz vaxt sərfini də öyrənmək idi. İlk olaraq tunelə yaxınlaşdıq. Nəqliyyat vasitəmizə baxış keçirdikdən sonra avtomobili uyğun bir yerdə parking etdik.

Ardınca 105-ci otağa yaxınlaşdıq. Gələnlərə xidmət göstərən pəncərənin önündə çoxlu sayda adam var idi. Diqqətimizi maraqlı bir nüans çəkdi. Oradakıların heç birində qəbz yox idi. Yəni, onlar birbaşa elə yerindəcə ödəniş etməyi düşünürdülər. Növbəmiz çatdı və biz sənədlərimizi təqdim etdik. Bu zaman məlum oldu ki, biz ilk olaraq kassaya gedib ödəniş etməliyik. Yönəldik kassaya. Bizdən başqa orada 3 nəfər vardı.

Ödənişləri etdik: 10 manat qeydiyyat, 25 manat qeydiyyat şəhadətnaməsi, 35 manat qeydiyyat nişanı, 20 manat texniki baxış xidməti ödəyib, qəbzlərimizi götürdük. Yenidən 105-ci otağa yaxınlaşıb sənədlərimizi alıb, növbəti otağa keçdik. 106-cı otaqda sənədlərimizi götürüb avtomobilin axtarış qeydlərini yoxladılar. Buradan da uğurla keçdik. Vacib bir məqama diqqət çəkək: əllərində qəbz olmayanlar hələ də bu otaqdan o biri otağa, pəncərədən pəncərəyə vurnuxurdular.

107-ci otaqda sənədləri imzalayandan sonra tranzit nömrəmizi aldılar. Nəqliyyat vasitəsinin sahibinin qeydiyyatı üzrə otağa gəlib sənədlərimizi təqdim etdik. Burada da vaxtımız çox getmədi. Qeydiyyat nişanının nömrə siyahısına uyğun alacağımızı bildirdik və bizə təxmini yarım saatdan sonra 101-ci otaqdan nömrəmizi götürə biləcəyimizi söylədilər. Saata baxırıq: 14:20 dəqiqədir… Kifayət qədər vaxtımız olduğu üçün yaxınlıqdakı çayxanada bir stəkan çay içmək pis olmazdı. Çayxana kiçik bir yerdir və burada qeydiyyat üçün gələnlərin dırnaqarası hüquqi savadlarını göstərən və kimə, hara, nə qədər pul verdikləri ilə bağlı söhbətlərin şahidi olmaq mümkündür.

iStock-543195814

Saat 14:42-də 101-ci otaqda bizə yeni qeydiyyat şəhadətnaməsi və qeydiyyat nişanı verdilər. Bu zaman kimsə bizdən artıq pul, ödəniş istəmədi. Niyə istəyə bilərdi ki, lazımi ödənişlərin qəbzləri bizim əlimizdə idi. Heç DYP-nin əməkdaşları bizim haradan gəldiyimizi belə bilmirdilər. Düz saat 14:45-də avtomobilimizə yeni qeydiyyat nişanını vurduq. İnanın, qanunda göstərildiyi kimi bu əməliyyat 45 dəqiqə ərzində bitdi. Heç kimə rüşvət belə vermədən. Axı, bəzən biz özümüz qaydaların pozulmasına şərait yaradırıq...

İkinci əl aldıqda isə avtomobilin qeydiyyatı ilə bağlı buradan oxuya bilərsiniz - Avtomobilin təkrar qeydiyyatı

 

Rüsumlar:

 

Avtomobilin qeydiyyatı - 10 manat
Dövlət qeydiyyat nişanı - 35 manat
Qeydiyyat şəhadətnaməsi - 25 manat
Texniki baxış rüsumu - 20 manat