GERİYƏ
Avtofayda 12193

İtmiş sənədin yenidən alınması


Bir çox sürücüləri bu sual düşündürür: Sürücülük vəsiqəsi itdikdə nə etməli? Qeydiyyat nişanı və ya qeydiyyat şəhadətnaməsi itdikdə onu neçə günə ala bilərəm ? *2010-a gələn zənglərdən və 8155-ə göndərilən sms-dən bilirəm ki, bəzən sürücülərə 1 ay gözləmək barəsində məlumat verilir. Lakin qanunda bu bir ay söhbəti varmı, onu heç kim dəqiqləşdirmir. Bu yazımızda itmiş sənədin bərpasından danışacağıq.

cümə, 07 aprel 2017

 

Bir çox sürücüləri bu sual düşündürür: Sürücülük vəsiqəsi itdikdə nə etməli? Qeydiyyat nişanı və ya qeydiyyat şəhadətnaməsi itdikdə onu neçə günə ala bilərəm ?

*2010-a gələn zənglərdən və 8155-ə göndərilən sms-dən bilirəm ki, bəzən sürücülərə 1 ay gözləmək barəsində məlumat verilir. Lakin qanunda bu bir ay söhbəti varmı, onu heç kim dəqiqləşdirmir. Bu yazımızda itmiş sənədin bərpasından danışacağıq.

Situasiyalarla izah etsək, hər kəsə daha aydın olacaq.

Sürücülük vəsiqəsi itibsə, nə etməli ?

«Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında» Təlimatın

6.4-cü bəndində deyilir :  Sürücülük vəsiqəsi itirildikdə yenisi vəsiqə sahibinin yazılı ərizəsi, BDYPİ Mərkəzi Məlumat Xidmətinin müvafiq məlumatları və bu Təlimatın 3.5.2 – 3.5.4-cü yarımbəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış əsasında verilir (60 yaşdan yuxarı şəxs üçün ); sürücülük vəsiqəsi haqqında uçot baza məlumatları mövcud olmadıqda isə o, tədris müəssisəsini qurtarması haqqında şəhadətnamə və ya itirilən sürücülük vəsiqəsini vermiş QİM-in təstiqedici sənədini təqdim edir. 

Əvvəl siz getməliydiniz bütün rayon yol polislərindən arayış gətirməliydiniz. İndi isə daha sadədir. BDYPİ-nin Mərkəzi Məlumat Xidməti aydınlaşdırsa ki, sizin sürücülük vəsiqəniz məhdudlaşdırılmayıb o zaman sizə yeni sürücülk vəsiqəsi veriləcək.

Həmçinin qanunun digər bir müddəasında deyilir: 6.5. Sürücülük vəsiqəsi itirildikdə onun sahibinə bu Təlimatın 3.5-ci bəndində nəzərdə tutulmuş müddətə yeni sürücülük vəsiqəsi verilir. Sorğuya cavab almaq üçün göndəriş yollanıldıqda və ya vəsiqənin itirilməsi halı araşdırıldıqda 1 il müddətinə qədər müvəqqəti sürücülük vəsiqəsi verilir.

Yəni belə bir şübhəli bir iş yoxdursa, sizə 10 illik sürücülük vəsiqəsi verilməlidir. Şübhə olarsa, o zaman sizə maksimum 1 illik müvəqqəti sürücülük vəsiqəsi veriləcək. Yenə qanun çox sadə bir üsulla  vətəndaşın işini asanlaşdırır.

Yeni sürücülük vəsiqəsi verilərkən həmin vəsiqədə əvvəlki sürücülük vəsiqəsinin seriyası, nömrəsi və verilmə tarixi göstərilməlidir. Həmçinin, bəzən sürücülərdən tapıntılar bürosundan arayış gətirilməsi tələb olunur ki, bu da qanuna ziddir. Çünki, qanunda bu büro və ondan arayış istənilməsi ilə bağlı hər hansı bir müddəa yoxdur. Yalnız bu müddəadan başqa :

6.7 Yeni sürücülük vəsiqələri alan şəxslərin əvvəllər verilmiş sürücülük vəsiqələri aşkar olunarsa, bu sənədlər etibarsız sayılmalı və ləğv edilməsi üçün QİM-ə göndərilməlidir.

Yəni nə vaxtsa sürücülük vəsiqəniz aşkar olunsa, o dərhal DYP-ə təqdim olunmalıdır. Sürücülük vəsiqəsinin itməsinə görə cərimə yoxdur. Həmçinin sürücülük vəsiqəsinin dövlət rüsumu 25 manatdır.

Vəsiqə məsələsi aydın oldu indi isə keçək nömrə məsələsinə.

İtən nömrənin bərpa məsələsi lap sadədir.  11 may 2012-ci il tarixli 113 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 may 2012-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 486) ilə“Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də 9.3-cü bənd ləğv edildiyinə görə biz YHQ 29-cu maddəni əlimizdə əsas tuta bilərik.

V. Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir.

Bəs bu qanunun 2-ci hissəsində nə deyilir?

II. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən (BDYPİ QİM ) nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir.

Bu o deməkdir ki, siz nəqliyyat vasitənizin qeydiyyat şəhadətnaməsi və əgər o biri qeydiyyat nişanı qalıbsa, onunla birgə gedirsiz BDYPİ-ə , ərizə yazıb yeni qeydiyyat nişanı alırsınız. Haradansa, arayış və ya digər zəhlə tökən sənədlər lazım deyil. Sizə yeni ayrı nömrə veriləcək. Həmçinin köhnə nömrə tapılsa, birinci sizə təklif olunmalıdır. 1 ay gözlə söhbəti burada da keçərli olmadı. Qeydiyyat nişanının dövlət rüsumu 35 manatdır.

Avtomobilin qeydiyyat şəhadətnaməsi ilə bağlı məsələ isə yenə eyni qaydada olacaq.

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itdikdə onun dublikatını almaq üçün, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edir. Vəssalam !!!

25 manat rüsum ödəməklə yeni qeydiyyat şəhadətnaməsi alacaqsınız.