GERİYƏ
Avtofayda 5621

Yolayırıcının keçilməsi


Yolayrıcının keçilməsi və ona uyğun olaraq cəzaların tədbiq olunması sürücülər və YPX inspektorları arasında hər zaman mübahisə obyektinə çevrilir. Sürücülər adətən soruşurlar nə üçün yolayrıcını keçən zaman yol nişanının tələbinin pozulması deyil (İXM 327.1) məhz yolayrıcının keçilmə qaydasını (İXM 327.2) tətbiq edirlər. Bu məqalədə biz bu məsələni aydınlaşdırmağa çalışacağıq.

bazar günü, 06 avqust 2017

Yolayrıcının keçilməsi və ona uyğun olaraq cəzaların tədbiq olunması sürücülər və YPX inspektorları arasında hər zaman mübahisə obyektinə çevrilir. Sürücülər adətən soruşurlar nə üçün yolayrıcını keçən zaman yol nişanının tələbinin pozulması deyil (İXM 327.1) məhz yolayrıcının keçilmə qaydasını (İXM 327.2) tətbiq edirlər. Bu məqalədə biz bu məsələni aydınlaşdırmağa çalışacağıq.

«Yol hərəkəti  haqqında» QANUN      
Maddə 1 , 11-ci bənd
yolayrıcı - yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir;

 

Daha sonra isə qanunun 75, 76-cı və 77-ci maddələrinə əsasən Nizamlanan və Nizamlanmayan yolayrıcılarının keçilmə qaydasına nəzər yetirək.

 

Maddə 75. Yolayrıcılarının keçilməsi
I. Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.

II. Əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.
III. Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir.
IV. Yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər.

 

Bu maddəyə göz atsaq görərik ki, siz sağa və ya sola döndüyünüz zaman yolu keçən piyadaya və ya velosipedçiyə yol verməlisiniz. Siz nizamlanan va yaxud nizamlanmayan yolayrıcında olmağınızdan asılı olmayaraq bu qaydaya əməl etməsəniz, sizə İXM 330-cu maddəsi ilə cərimə tədbiq olunacaq. Misal üçün: BülBül prospekti ilə Xəqani küçələrinin kəsişməsindən sola döndüyünüz zaman (M.F. Axundov adına Milli Kitabxana istiqamətində) yolu keçən piyadaya və ya velosipedçiyə yol verməlisiniz. Həmçinin, yolayrıcına daxil olmaqla tıxac yaradırsınızsa, bu zaman da sizə İXM 327.2-ci maddəsi ilə cərimə tədbiq olunacaq.

 

Maddə 76. Nizamlanan yolayrıcıları

I. Relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar.

II. Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.

III. Svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvayın, həm də relssiz nəqliyyat vasitələrinin hərəkətinə icazə verirsə, tramvay, hərəkət istiqamətindən asılı olmayaraq, üstünlüyə malikdir. Lakin svetoforun qırmızı və ya sarı siqnalı ilə eyni vaxtda olan əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən tramvay başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.

IV. Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır.
V. Svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir.

Yolayrıcının keçilmə qaydasının pozulması həmçinin svetoforun yaşıl işığında qarşıdan gələn və ya sağdan gələn nəqliyyat vasitəsinə yol vermədikdə tətbiq oluna bilər. 

Çünki, nizamlanan yolayrıcında üstünlük yol nişanları qüvvədən düşür. Misal olaraq, Bakıxanov və Ceyhun Hacıbəyli küçələrinin, Məmməd Araz və Atatürk prospektinin, Fətəli Xan Xoyski və Ağa Neymətulla küçələrinin kəsişmələrini göstərmək olar. Bu kəsişmələrdə, qarşıdan gələn və ya sağdan gələn nəqliyyat vasitələri svetoforun işləyən yaşıl işığında üstünlük hüququna malikdirlər.