GERİYƏ
Avtofayda 8134

Xəbərsiz cərimə (Qanunla izah)


Mənə inanılmaz dərəcədə çoxlu suallar gəlir. Hərdən istəyirəm DYP-nin 902-nə gələn zənglərlə, mənə gələn zənglərin siyahısını müqayisə edəm. Lakin son dövrlər bu tip suallar yaranır : “Avtomobilimin qeydiyyatı zamanı MMX var deyirlər. Heç yerdə yoxdur. deyirlər get ödə və s.” Bu sualların cavabını verməyə çalışacam. İlk olaraq mənə ünvanlanmış çoxsaylı müraciətdən biri ilə tanış olaq.

cümə, 18 avqust 2017

Maşının nömrəsini dəyişəndə məlum olur ki, sən demə mənim cəriməm var. Gedirəm 403 cü otağa, deyirlər MMX radardır. Hansı ki, avqust ayında qarşı tərəfdən gələn YPX maşınından çəkilib. İndiyə qədər bu cərimə heç yerdə (asanpay və s.) görünməyib. Nəisə cəriməni nağd şəkildə ödəyirəm - 150AZN
Axşamı asanpay elektron portala bildiriş gəlir ki, bəs cərimən var. 135 AZN ödə. Hansıki, səhər ödədiyim protokoldur. 1 sutka sonra asanpay də protokol yoxa çıxır. İndi nə ödənilmiş nə də ki ödənilməmiş formada var.
Bu barədə şikayət etmişəm.

 

1) Niyə cərimə yalnız 403 cü otaqda görünür? Asanpay və digər yerlərdə görünmürdü.

İlk olaraq bundan başlayaq ki, sənin qərarı verilməmiş MMX olmasına görə qeydiyyatından imtina edə bilməzlər. Qanunda bununla bağlı hər hansı bir göstəriş yoxdur. İkincisi avqust ayında baş verniş qayda pozuntusu asanpayda və e-xidmet.mia.gov.az saytında 1 ay ərzində yerləşdirlməzsə bunu səndən tələb edə bilməzlər. İXM 38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.

Bu cərimə ümumiyyətlə 403 və ya hər hansı bir otaqda ödənilməli deyil.

İXM 150.4. İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanı törətmiş şəxsə verilir. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərir.

Qanun birmənalı şəkildə ödənişin kabinetdə edilmısini qadağan edir!!! Həmçinin qanuna əsasən sistemdə vaxtında vurulmamış cəriməyə görə vətəndaş cavabdeh deyil.

Üçüncüsü,  bu cərimə sistemə vurulduqdan sonra 1 ay ərzində ödəməlisən. Həmin gün ödəmək məcburiyyətin yoxdur. İXM 150.11. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır.

Lap tutaq ki, 403-cü otaqda cəriməni sistemə vurdular (halbuki bu barədə ixtiyar sahibi deyillər) yenə 30 gün gözləməli idilər. Avtomobilin qeydiyyatına məhdudiyyət sistemə vurulımayan cəriməyə görə düzgün deyil. Və qanunda belə bir müddəa yoxdur.

2) Niyə 403 cü otaqda mənə ödəniş ilə bağlı qəbz vermədilər?

Çünki onlar bu ödənişi qəbul etmək səlahiyətində deyildilər.


3) Niyə Asanpayde protokol göründü sonra yoxa çıxdı?

Asanpayda məlumatların yerləşdirilməsi İXM 125.2.2 maddəsi ilə nizamlanır .

İXM 125.2.2 -eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir;

Yəni onlar sadəcə cəriməni sistemı vurub sonra siliblər. Çünki qanuna əsasən belə olmalı deyildi. Sizin İXM-nə əsasən asanpaydan çıxarış almaq hüququnuz var. Çıxarışa əsasən cərimənin sistemə vurulma tarixini müəyyən etmək olar. Bu vaxt 1 ayı ötübsə sizdən tələb edilə bilməz.


4) Niyə Avqustda tərtib olan pratokolun cəriməsini məndən istəyirlər? Axı fərmanla 1ay Asanpaydə yerləşmirsə cərimədən azad olma hüququm var.

Bəli yuxarıda dediyim kimi qanuna əsasən elektron kabinetə 1 ay ərzində qərarlı və ya qərarsız yerləşdirilməzsə bunu sizdən  tələb edə bilməzlər. Amma praktikada bunu istifadə edirlər. Hətta yolda saxlayıb cərimə istəyənlərə də rast gəlmək mümkündür. Bu barədə növbəti məqaləmizdə yazacayıq.

 

5) Cəriməni faizi ilə birlikdə sistemə vura bilərlərmi ?

Xeyr. İXM 150.11-ci maddə bunu inkar edir. Cəriməyə faiz nə zaman hesablanır ? O zaman ki, sistemə vurulur və 30 gün ərzində ödənilmir. Sistemdə olmayan cərimə necə ödənilə bilər axı ? Mümkün deyil. Vurubsa belə ondan şikayət edib dərhal sildirmək olar.

Vaxt itirmədən hüquqularınızı bərpa edin. Əgər kimsə sizə əksini deyərsə ona bunu maddə ilə sübut etməsini istəyin. Siz yox , onlar maddələrlə təqsirinizi sübut etməyə borcludurlar.