GERİYƏ
Avtofayda 7328

Yarımçıq video | Köşə yazısı


Bu haqda yazı yazmaq istəmirdim. Lakin, bu videonu gördükdən sonra, mövzu mənə yad olmadığından, bu barədə yazı yazmaq qərarına gəldim.

çərşənbə axşamı, 21 noyabr 2017

Bu videoya baxan hər bir şəxs bir mənalı olaraq DYP əməkdaşına ən pis ifadələr işlədirlər. Heç nəyi araşdırmadan, aydınlaşdırmadan. Şərhlərdə olan söyüşlər video sahibi tərəfindən silinmir. Halbu ki, jurnalistin işi məsələni hər iki tərəfin münasibəti ilə işıqlandırmaqdır. Bu videoya baxanda elə təəsürat yaranır ki, sürücü öz yolu ilə gedirdi və inspektor onu saxlayıb və deyib : "Sənin başın partlayacaq". Biz buna öncəgörmə də deyə bilərik. Nə istəyirsiniz deyin. YPX inspektorunun leksikonunda bu cür ifadə olmalı deyil. Bəli, YPX haqqında təlimata əsasən inspektor səbrli davranmalıdır. Lakin, bu ifadəyə qədər olan vəziyyəti bilmirik. Necə oldu ki, inspektor bu ifadəni işlətdi? Sürücü hara gedirdi? Haradan gəlirdi? İnspektor onu necə saxlayıb? Biz bunları video görürükmü? Xeyr. Biz yalnız bir inspektorun "sənin başın partlayaq" ifadəsini eşidirik. Əslində isə jrunalistika bu deyil. Qarşı tərəfin fikri mütləq alınmalıdır. 

Videoya baxanda elə təəsürat yaranır ki, sürücü parklanma qaydasını pozub və ona cərimə yazılanda etiraz edir ki, o birilərinə də yaz. Əslində bu mənti düz deyil.  Sən qaydanı pozma və özünə cavabdeh ol.

Bəs orada nə baş verib?

DYP inspektorunun açıqlamasına görə, sürücü Ü.hacıbəyov- R.Behbudov küçəsinin kəsişməsində əks istiqamətdə hərəkət edib. İnspektor onu saxlayıb və sənədlərini istəyib. "Biz həmişə belə edirik" deyən sürücü sənəd verməyib. İnspektor ona daha sonra protokol yazır, sürücü isə kameranı işə salaraq prosesin sonun çəkib. İnspektor əlavə adamlar və kameraların çoxluğundan həyacanlanır və "başın partlayar" ifadə ağzından çıxır. Bu qarşı tərəfin açıqlamasıdır.

Əslində orada nə baş verib, buna ən yaxşı cavabı "Təhlükəsiz şəhər" kamerasının görüntüləri və inspektorun üzərində olan mikrafona qeyd  olunan səs yazısı verə bilər. DYP isə, hər zamankı kimi açıqlamalarda, video materialların təqdim edilməsində gec tərpənir. Daimi trendləri izləmir və özləri haqqında yaranmış mənfi imici yüksəltmək üçün heç bir addım atmırlar.

Baş Dövlət Yol Polisi İdarəsinin veb səhifəsi çox köhnədir və funksional deyil. Bakı şəhəri Dövlət Yol Polisi idarəsinin ümumiyyətlə veb səhifəsi yoxdur. Onların hər ikisinin facebook səhifəsi mövcud deyil. 902 yalnız BDYPİ-dədir. Şəhər yol polisinə zəng etmək üçün uzun axtarışlar edilməlidir. Axı niyə? Niyə çevik mətbuat xidməti və sosial mediyada səhifəniz olmasın. Niyə hansısa youtube kanalda sizi söysünlər , amma siz haqlı ola-ola susasınız?  Axı niyə bu cür ittihamlara görülmüş işlərlə, faydalı paylaşımlarla cavab verməyəsiniz? Niyə sizə söyüş yazan şəxsləri tapıb məhkəmə qaydasında cəzalandırmırsınız ? Axı bir inspektorun səhv hərəkətinin onun anasına, bacısına və övladlarına aiddiyyatı yoxdur. İnsanların elementar mədəniyyəti belə çatmır. Və bunu siz etmisiniz hörmətli bəzi DYP inspektorları. "Avtoxuliqansan", "jalüzə görə cərimə yazıram" , "fortuçkada plyonkan var" ,"Cərimən qərarsızdır qeydiyyata almıram", "yol vermədin", "yerində cərimə yoxdur" uydurma ittihamlarla insanlarda qıcıq yaradırsınız. Halbu ki, axı mən bilirəm aranızda qanunu mükəmməl bilən və yüksək davranış mədəniyyətinə malik əməkdaşlarınız var. Axı niyə hansıa inspektorun "bisavad" hərəkətlərindən ümumi olaraq DYP əməkdaşları əziyyət çəkməlidir? Axı niyə sizin haqqınızda mediada yalnız neqativ paylaşılmalıdır ? Axı vaxtından tez pensiyaya çıxan, yolda xidmət ərzində zəhərli qazları udaraq ağır xəstəliklərə düçar olan əməkdaşlarınız var. Axı qarda, boranda, küləkdə biz avtomobildə olanda, siz yolda xidmət aparırsınız. Bəs nə üçün sizin haqqınızda montaj edilmiş və yarımçıq videolarda yalnız söyüş yazılmalıdır?

Dostlar, heç kim ideal deyil. İnspektorların arasında qanuna əməl etməyənləri də var. Necə ki, sizin aranızda da var. Siz iş başında inspektoru çəkə bilərsiniz, amma bunu tam çəkin. İzləyən adam sizin hansı qayda pozduğunuzu və pozmadığınızı bilsin. Amma, bu videoda sadəcə protokol yazıldığına görə, yalnız qərəz görürəm. Və heç bir halda şərhlərdə söyüş yazmayın. Əvvəla,  bu məsuliyyət yaradır. Artıq qanunla sizi ağır cəzalar gözləyir. İkincisi bir insan pisdirsə, bu məsələnin onun ailə üzvlərinə aidiyyatı yoxdur. Əgər kiminsə işi sizi qane etmirsə, bir başa özünə, rəisinə müraciət edin. Ekran qarşısında söyüş yazmaqla siz qəhraman olmursunuz.  Çünki əminəm ki, söyüş yazanların hamısı qapılarında paqonlu əməkdaş görən kimi, söyüş yazdıqları klaviaturanı yeməyə belə hazır olacaqlar.