GERİYƏ
Avtofayda 7365

Bir bokal pivə. Nə zaman sükan arxasına keçə bilərəm ?


Bayramlarda ən çox verilən sual: “Bir bokal pivə içmişəm və məni sərxoş sürücü kimi rəsmiləşdirdilər. Bu düzgündürmü?”

bazar ertəsi, 25 dekabr 2017

Mən istənilən növ spirtli içkiyə qarşıyam. İstəyir şərab olsun, istəyir araq, istər pivə. Hətta adi bir pivədən parkinqdə olduğunuz zamanı böyük faciələr baş verə bilər. Çünki spirt sürücünün diqqətini azaldır. Onun reaksiyasını korşaldır.

Qanunlara əsasən Azərbaycanda nəfəsdə 0.16 promil, qanda isə 0.3 promil spirtə icazə verilir. Bu rəqəmlərdən daha artıq olarsa, siz sərxoş sürücüsünüz. Bu məntiqlidir. Çünki hər bir insanın bədənində endogen alokoqol mövcuddur. Bu alokoqol kvas, limonad,təzə sıxışmış meyvə şirəsi,qara çörək, kolbasa ,tam yetişməmiş banan,şokolad, hətta narıngi və protağal yedikdən sonra da arta bilər.

Nəzəri cəhətdən bir bokal pivədən bir neçə saat sonra sükan arxasına keçmək olar. Təkrar edirəm nəzəri olaraq. Niyə görə belə qeyri-dəqiq ? Çünki orqanizmin ayılma müddəti içkidən, nə ilə içilib ondan,orqanizmin individual göstəricilərindən asılıdır. Məsələn? Çəki, qara ciyərin vəziyyəti və s.

Misal olaraq qeyd edim ki,0.5 litr  6%-ik pivəni 60 kq-ıq şəxs içərsə, bu alkoqol onun qanından 4 saat 20 dəqiqəyə sovrulacaq.

Tünd pivə açıq rəngli pivədən fərqli olaraq insan bədənində daha çox qalır. Hətta deyərdim şərab daha tez bədəninizdən çıxacaq, nəinki tünd pivə. Pivəni yeməklə birlikdə qəbul etdikdə, sərxoşluq daha gec gəlir və orqanizmdən daha gec çıxır.

80 kq-ıq gənc bir adam günün birinci yarısında acqarına 0.5 litr 3.5-5% açıq rəngli pivə içərsə, onun qanında 0.44 promil (nəfəsində  0.26 pm) alkoqol yaranacaq. Onun tam ayılması üçün nahardan sonraya qədər vaxt tələb ediləcək. 3-4 saatdan sonra sükan arxasına keçdikdə belə, yenə orqanizmdən asılı olaraq nəfəsində alkoqol hiss edilə bilər və sərxoş halda sükan arxasında olduğuna görə cəzalandırılar.

Daha yaşlı insan eyni miqdarda pivə içdiyi zaman gün ərzində sükan arxasına keçməli deyil. Çünki orqanizm yaşlıdır və onu bədəndən xaric etməyəün uzun müddət lazım olacaq.

Ən sağlam insan belə, köpüklü 1 litr pivədən sonra tam ayılmaya bilər. Qadınların orqanizimindən isə pivə daha gec xaric olur. Daha ağır alkoqollu içgilər qəbul etdikdə isə 2 dəfə daha gec alkoqoldan xilas olmaq prosesi gedir. Bu təbitədən asılıdır. Qadınlarda etil spirtinin həll edilməsinə cavabdeh olan ferment kişilərdən 58% azdır.

Daha bir məsələ spirtsiz pivədir. “Spirtsiz pivə içmişdim və məni saxlayıb cərimə yazdılar. Sportsiz pivədi axı” tipli suallar və narazılıqlara çox rast gəlmişəm.

Pivə qıcqırmadan yaranır. Qıcqırmada isə təbii olaraq spirt yaranmalıdır. Bu pozulmayan bir qanundur. Lakin digər növ alkoqolsuz pivələr var ki, onların hazırlanması zamanı adi dadlandırıcılardan istifadə edilir və sizə elə gəlir ki, siz pivə içirsiniz. Təbii ki, ikincinin yalnız adı pivədir. Bir də var klassik üsulla hazırlanan pivələr. Hansı ki, qablaşdırmanın sonunda onun spirti sovrulur və qapağı bağlanır. Bu cür pivəni isə qapağı açılan kimi içmək lazımdır. Çünki bir müddətdən sonra onda spirt yaranacaq. Qapağı açılan kimi pivəni sona qədər içən neçə nəfər tanıyırsınız?

Azalkoqollu içkilərdən də uzaq durun. Az və çox fərq etməz. Bu sübut edilən fatkdır ki, alokoqol diqqəti azaldır. Bir saniyə diqqətsizlik pivədən aldığınız zövqü korlaya bilər.

Ayıq sürücü, taksi xidmətindən istifadə etsəniz gününüzü heç kim korlamaz.