GERİYƏ
Avtofayda 23490

Soyuqda avtomobili qızdırmamaq üçün 3 səbəb.


Bütün sürücülər yaxşı bilir, hər mövsümün gəlişi özü ilə bərabər avtomobillər üçün xüsusi qayğılar, narahatlıqlar yaradır. Hətta ən sadə görünənləri belə bəzən ciddi suala çevrilə bilir. Elə götürək qış mövsümündə hamını maraqlandıran sorğunu: yola düşməzdən qabaq maşının mühərrikini qızdırmalıyam, yoxsa bunun bir önəmi yoxdur?

bazar ertəsi, 15 yanvar 2018

Əslində bir çoxları onun cavabını bilməsələr də motoru qızdırmağa üstünlük verirlər. Yəni, nə olar, nə olmaz...

Ümumiyyətlə bu məsələ bəzi dönəmlərdə bir çox böyük auditoriyalarda ciddi müzakirələrə də səbəb olub. Bir çox hallarda Avropanın ekoloji standartları, ətraf mühitin  çirklənməsinin qarşısının alınması prinsipləri müasir maşınqayırma sənayesi ekspertlərinin qızdırılmaya skeptik yanaşması ilə nəticələnib.  

1-Cİ SƏBƏB

Bəzi ekspertlər deyirlər ki, indiki mühərriklər müasir texnologiyalarla hazırlandığına görə, yağlar artıq mineral deyil və mühərrik işə düşən kimi yağ motorun bütün nöqtələrinə gedib çatır. Onlara görə  hərəkətsiz halda avtomobil mühərrikinin boş yerə işləməsi ekologiyaya ziyandır.

Bəs əslində avtomobili qızdırmaq lazımdırmı? Əgər qızdırmağa ehtiyac varsa bu necə edilməlidir?

2-Cİ SƏBƏB

Ölkəmizdəki iqlim şəraitinə nəzərən öncə onu qeyd edim ki, ümumiyyətlə Azərbaycanda Rusiyadakı və ya Alyaska ştatındakı kimi qış olmur. Və bu zaman avtomobilin qış istismarı dedikdə biz  +5,  +10 dərəcə istilik arası istismardan danışa bilərik. Bizdə sıfırın altında olan havaya yalnız Naxçıvanda rəst gəlmək olar ki, heç bu da Şimal ölkələrinin qışı ilə müqayisə edilə bilməz.

Soyuq havada mühərrikin işə salınması  və boşuna işləməsi maşının kifayət qədər uzun məsafəni qət etməsinə bərabərdir. Onsuz da (nadir hallarda rastlaşdığımız) sıfır dərəcədən aşağı tempratur olmadığına görə, amartizasiya, sürət qutusu və ən nəhayət mühərrik yağının donması ehtimalının özü 0-a bərabərdir. Bundan başqa,  adətən indi sürtgü materiallarının hər birinin üzərində hansı dərəcəyə qədər  şaxtaya dözümlü olduğu da qeyd edilir.

3-CÜ SƏBƏB

Burada maraqlı bir nüans da vardır. Bəzi sürücülər – guya vaxtdan səmərəli istifadə etsin deyə mühərriki işə salır, ardınca kondisioneri qoşur, daha sonra əlinə bir dəsmal alıb avtomobilin ətrafına dolaşaraq şüşələri silir... və bir siqaret  də çəkib maşına oturur.

Əlbəttə, o fikirləşir  ki, motor qızmalıdır, lakin düşünmür ki, avtomobilin digər hissələrindəki yağlar hələ də soyuq vəziyyətdə qalmaqdadır.

Demək məsələyə səthi yanaşılmamalıdır. Mühərrikin optimal temperatura sahib olması üçün 5 dəqiqə lazımdır. Bu isə o deməkdir ki, siz durduğu yerdə avtomobili 5 dəqiqə qızdırırsınızsa demək 100 km-ə qədər məsafə getmiş hesab edilirsiniz. Və sayənizdə motorun resursu bir neçə yüz km azalmış olur.

 

Bəs nə etmək lazımdır?

 

Avtomobilin xaricinə əl gəzdirərkən mühərriki işə salmayın. Şüşələri silin, nömrəni təmizləyin, itin-pişiyin maşınınızın altında gizlənmədiyinə əmin olun, bundan sonra mühərriki işə salın, əyləci basın və sürət qutusunu 1-ə keçirin (avtomat sürətlər qutusudursa “D”-yə keçirin). Bütün bu proseduralar həmin hissələrdəki  yağları da  hərəkətə gətirəcək, yəni onlar da qızmağa başlayacaq. Sürüşə başlamazdan öncə, ayağınızı əyləcdən çəkmədən ilk olaraq isti hava vuran cihazı deyil, şüşə qızdırıcıları işə salın. Yoxdursa, daha nə etmək olar, isti havavuranı tam aşağı sürət rejimində işə salın. İsti havanı şüşəyə istiqamətləndirin. Bu zaman generatora elektrik yükü düşəcək və motor boş işləməyəcək, o generator rolunu oynamağa başlayacaq. Avtomobilin şüşəsi donubsa bu şüşənin açılıb-bağlanmasına da təsir göstərəcək.

Onun ardınca sükanı sağa və sola fırladın. Bu zaman hidrogücləndiricilərdə olan yağı hərəkətə gətirəcəksiniz. Vəssalam, avtomobil yola hazırdır. Lakin unutmaq olmaz, hərəkətə ehmalca başlamaq lazımdır. Çünki yüksək dövrülülüyə malik qaz verib getmək sizin avtomobilinizə ziyandır. Axı, maşınınızın mühərrikinin güclü olmasını   nümayiş etdirməyə  nə ehtiyac var?!

Mühərrik və sürət qutusu qızmağa başlasa da, asqının rezin elementləri, amartizatorlar və kuzov nahamar yollarda daha böyük narahatlıqlar yaşayır. Əlbəttə, bunun məntiqi izahı da  var: təsəvvür edin, sizi yuxudan oyadırlar və dərhal, özü də şaxtada  100 metrlik məsafəni yüksək sürətlə qaçmağı əmr edirlər. Bu, bir neçə km məsafə avtomobilin adaptasiyası ilə bağlıdır. Mütləq bir neçə dəqiqədən sonra avtomobil sizin əmrlərinizə adekvat cavab verəcəkdir.