GERİYƏ
Avtofayda 958

Sürücülərin pozduğu , amma DYP-nin cərimə yazmadığı qaydalar.

Tural Yusifov


Hər gün ölkə ərazisində yüzlərlə qayda pozulur. Bu qayda pozuntuların bir çoxu açıq aşkar görünsə də həmin sürücülərə cərimə yazılmır. Bu dəfə pozulan, amma cəriməsi yazılmayan qaydalardan danışacayıq.

cümə axşamı, 22 noyabr 2018

Tunellərdə işıqların yandırılmaması

Ən geniş yayılmış qayda pozuntularından biridir. Qaydalara əsasən sürücülər tunelə girən zaman mütləq yaxınvuran işıqları yandırmalıdırlar. Lakin avtomobilin işıq sistemi avtomatik rejimdə çalışmırsa buna heç kim riayət etmir. Cəriməsi 30 manat olan bu qayda pozuntusuna görə heç kimə cərimə yazılmır.

Avtomobilin işıq sisteminə müdaxilə edilməsi.

Xüsusən Rusiya istehsalı olan avtomobillərdə (Lada 4x4, Vesta, Priora və s.) bu müdaxilələrə rast gəlinir. İlk olaraq avtomobilin işıqlarını dəyişərək ksenon və ya led işıqlara çevirirlər. Daha sonra dönmə işıqlarını daimi yanan (öz aralarında amerikanka) rejimə çevirirlər.  Bu azmış kimi avtomobilin asqı sisteminə müdaxilə edərək avtomobilin aerodinamikasını pozurlar. Duman işıqlarını ksenon və ya led -lə əvəz etməklə yenə də qanunu pozurlar. Müxtəlif kiçik reydləri saymasaq, bu qayda pozuntularına görə cərimələn jalüzə görə cərimələnəndən dəfələrlə azdır. Baxmyaraq ki, bu qayda pozuntuları birbaşa təhlükədir. Cəriməsi də az deyil - 150 manat.

Qayda pozan avtobus sürücüləri

İllərdir şəhər ictimai nəqliyyatı iflic haldadır. Elə ay yoxdur ki, avtobus sürücülərinin məsuliyyətsizliyi ucbatından qəza baş verməsin. Gündəlik plan yığımı üçün öz aralarında rəqabət təhükəli idarəetmə, qəzalara gətirib çıxardır. DYP isə onlara qarşı sanksiya (televizya üçün çou xarakterli reydlər xaric) tətbiq etmir. Burada qanunun da boşluğu nəzər çarpır. Qanuna görə, ictimai nəqliyyatın sürücüsü qayda pozduqda ona cərimə sonuncu dayanacaqda yazılmalıdır. Bu qanunu yaznların məntiqinə görə, qəza etməsə, sağ qalsa, cərimə yazıla bilər. 

Arxa duman işıqlarının yandırılması

Özündən başqa heç kimi düşünməyən sürücülərin pozduğu qaydadır. Arxa duman işıqları yalnız 300 metrdən aşağı məhdudiyyətli görmə yarandıqda yandırılmalıdır (qar, güclü yağış, duman və s.). Lakin əhərdə bir çoxları bu işıqları yandıraraq avtomobil idarə edirlər. DYP bu mövzuda da susur və heç bir tədbir görmür. Bu qayda pozuntusunun cəriməsi 30 manatdır.

STOP nişanına əməl edilməməsi

Bu nişan 2.5 dayanmadan keçmək qadağandır nişanıdır. Bu nişan quraşdırıldığı kəsişmədə avtomobil mütləq dayandırılmalı və daha sonra hərəkət edilməlidir. Bizdə isə bu nişana demək olar ki, əməl edilmir. Cəriməsi yol boş olduqda 40 manat, yolayrıcında avtomobil olduqda isə 60 manat + 3 baldır.

Dönmə işıqlarının yandırılmaması.

Çox ax dayda tətbiq edilən cərimədir. Ona görə ölkəmizdə bir çox sürücülər zolağı dəyişəndə, dayananda, hərəkətə başlayanda bu işıqları yandırmırlar.  Bu qayda pozuntusuna görə cərimə 30 manatdır.

Avtomobildən küçəyə əşya atılması.

Daim pozulan amma cərimələnməyən pozuntulardan biridir. İndiyənə qədər küçəyə zibil atdığına görə cərimələn sürücü rastıma çıxmayıb. Nə kameralar, nə də inspektorlar buna görə kiməsə cərimə tətbiq etməyiblər. Cəriməsi 40 manatdır.

Siyahını uzatmaq olar :

  • Səs siqnalından istifadə
  • Həyətyanı sahələrdə (yaşayış zonalarında) saatda 20 km sürətdən daha çox sürətlə hərəkət
  • 2 və 3-cü zolaqda avtomobillərin park edilməsi
  • Zolaqda səhv yerləşmə
  • Zolaqlar üzrə hərəkət nişanının tələbinin pozulması
  • Səkilərdə park etmə
  • Gecə vaxtı söndürülmüş işıqlarla hərəkət
  • Nasaz işıqlarla gecə vaxtı hərəkət edilməsi
  • Körpülərdə, kəsişmələrdə 1.1 xəttinin tələbini pozmaqla süni tıxac yaradılması
  • Svetoforlarda STOP xəttinin tələbinin pozulması

Əslində DYP bunlarla mübarizə aparmalıdır. İndi jalüzlə mübarizə zamanı deyil.