GERİYƏ
Avtofayda 648

BNA cəriməni avtomatik rejimdə kamera ilə qeydə ala bilərmi ?

Tural Yusifov


Bu gün yerli xəbər saytlarının birində qarşıma belə bir xəbər çıxdı : "Dekabrın 1-dən etibarən Heydər Əliyev prospektində (şəhər istiqamətində) yolun “Koroğlu” stansiyasının qarşısındakı hissəsində texniki vasitələrin, o cümlədən kameraların köməyi ilə qanunsuz dayanma və ya durmaya qarşı mübarizə tədbirlərinə başlanılacaq." Görəsən qanun dəyişib ?

bazar ertəsi, 02 dekabr 2019

Ara-sıra BNA dayanma və durma qaydalarını pozanaların kamera vasitəsi ilə qeydə alınmasını açıqlamalarında qeyd edirdi. Sözün açığı, bu açıqlamada kamera qarşısında əyləşən əməkdaş sözünü dilə gətirməsələr də, orada bir əməkdaşın əyləşdiyini düşünürdüm. sonuncu açıqlamada isə bir qədər duruxdum. Axı dayanma və durma qaydalarının pozulmasına görə cərimələr avtomatik rejimdə qeydə alına bilməz. Bunun üçün qanuna baxırıq.

 

Maddə 122. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası

122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.

Maddələrə baxırıq : 

  • 327.1 - 327.5 - dayanma və durma deyil.
  • 328 - Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma
  • 329.1 - Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə
  • 329.2 - Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etmə, Motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımaq
  • 330 - Piyadaya yol verilməməsi
  • 339.1-1 - Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə
  • 346.3 - Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırma
  • 346-1.1 - Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsi
  • 346-1.5 - Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılması
  • 353.2 - İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi
  • 469.3 - “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması

Bəs görəsən niyə belə açıqlama edilib ? Əgər həqiqətən BNA dayanma və durma qaydalarının pozulmasına görə cəriməni avtomatik rejimdə qeydə alırsa, bu İXM-nin 122-ci maddəsinin pozulmasıdır və qeyri-qanuni yolla qayda pozuntusunu müəyyən etmək qanunvericiliklə doğru deyil. 

Bəli, bizim sürücülər yolun istənilən tərəfində avtomobil saxlayıb, orada sərnişin mindirib və düşürdürlər. Xüsusən metro stansiyalarının çıxışlarında və s. Amma bu o demək deyil ki, onlara qarşı qanunda nəzərdə tutulmayan tədbirlər görülməlidir. 

Tövsiyə edərdim ki, BNA bu tip açıqlamalarda avtomatik sözünü istifadıə etməzdi. Çünki qanunu pozan sürücü elə bu sözdən tutaraq məhkıməyə müraciət edib yazılan cərimlərəi ləğv etdirə bilər. Çünki BNA avtomatik rejimdə dayanma və durma qaydalarının pozulmasını qeydə ala bilməz.