GERİYƏ
Avtofayda 2363

Avtomobildə işıqlar necə olmalıdır? Qanunla izah edirik

Tural Yusifov


Bu gün BNA Ziya Bünyadov prospektində körpünün üstündən bir foto paylaşdı. Fotoya baxdıqda diqqətimi xarab olan avtomobil deyil, onun ətrafında olan digər avtomobillər çəkdi. Biri işıqlarını yandırmayıb, digərinin işıqlandırılması düzgün deyil. İndi bütün bunları ətraflı izah etməyə çalışacağam.

cümə, 05 fevral 2021

Gəlin, ilk olaraq fotoya tam baxaq. Səhər saat 8 radələri, günəş yoxdur, dumanlı hava şəraitidir. Bir çox avtomobillərin yaxınvuran işıqları yanmır. Avtomobildə işıq cihazlarından istifadə edilmə qaydaları YHQ 73-cü maddədə göstərilib. Qanunun 5-ci bəndində deyilir:

 Sutkanın işıqlı vaxtında hərəkət edən nəqliyyat vasitəsini göstərmək məqsədilə aşağıdakı nəqliyyat vasitələrində faranın yaxın işıqları yandırılmalıdır:

1) motosiklet və mopedlərdə;

2) uşaq dəstələrini daşıyan avtobus və mikroavtobuslarda;

3) mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələrində;

4) digər nəqliyyat vasitələrini yedəyə alan nəqliyyat vasitələrində;

5) təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitələrində;

Əvvəla bu artıq köhnəlmiş tələbdir və qanun mütləq yenilənməlidir. Bizim tərəfdaş çıxdığımız yol hərəkəti  haqqında Vyana konvensiyasında tövsiyyə edilir ki, bu konvensiyanı ratifikasiya etmiş ölkələr sutkanın işıqlı vaxtı yaxın vuran işıqların yandırılmasını qanunvericiliyə əlavə etsinlər. Artıq bu bir çox ölkələrdə tətbiq edilir. Bunu da qeyd edim ki, gündüz vaxtı könüllü surətdə yaxınvuran işıqlardan istifadə etmək qanun pozuntusu deyil. Bu təhlükəsizlik üçün önəmlidir. Fotoya diqqətlə baxsanız görərsiniz ki, avtomobillərin rəngləri monotondur. Qara, boz, ağ və yenə qara, boz, ağ. Bu cür avtomobillər dumanlı və alatoran hava şəraitində görünmür. Tunellərdə də eyni vəziyyət yaranır. Qanun tunellərə daxil olduqda işıqların yandırılmasını məcbur edir.

Sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır:

1) təchizatından asılı olaraq nəqliyyat vasitələrində — faraların yaxın və ya uzaq işıqları və arxa qabarit işıqları, velosipedlərdə - faralar və ya fənərlər, at arabalarında - fənərlər;

2) qoşqularda və yedəyə alınan nəqliyyat vasitələrində — qabarit işıqları.

Gündüz vaxtında da gündüz hərəkət fənərləri olmadıqda yaxın vuran işıqlardan istifadə edilməsi də məcburi olsa, bu yol nəqliyyat hadisələrinə təsir edər. Amma indi duman var. Deməli bu hava şəraitində sürücülər ön duman işıqlarını gündüz vaxtı ayrıca və ya yaxınvuran işıqlarla bərabər istifadə etməlidirlər. Çox təəsüf ki, az sayda sürücünün buna riayət etdiyini görərik.

Mənim diqqətimi isə bütün bu avtomobil kütləsində bir avtomobil cəlb etdi.

Bir çox sürücülərimiz də bu cür işıqlandırmadan istifadə edirlər. Duman işıqlarına ksenon və ya led işıqlandırma  qoşulur. Dönmə işıqları daimi yanan olur və ya yaxın vuran işıqları söndürüb gecə və gündüz bu formada avtomobil idarə edirlər.

Əvvəla dönmə işıqları haqqında bir neçə söz demək lazımdır. Bizim qanunumuza əsasən dönmə işıqları qırpan və ya yanıb-sönən olmalıdır. Daimi yanan dönmə işıqları qanun pozuntusudur və cərimə ilə nəticələnəcək. İndi isə keçək duman işıqlarına.

YHQ 1saylı əlavənin 3-cü bəndində deyilir ki:

Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda - nasazlıq aradan qaldırılır. 

Fotoya baxanda görürük ki, duman işıqları o qədər gücüdür ki, müşahidə kamerasında belə gözü qamaşdıra bilir. Deməli, burada quraşdırlıan işıq tip və iş rejimi olaraq avtomobilin konstruksiyasına uyğun deyil.

Axı duman faralarında led lamplaraın istifadəsi üçün onların işarələnməsi BMT-nin 19 saylı qaydalarına uyğun olmalıdır. Həmçinin LED lampa özü də BMT-nin 128 saylı qaydalarına uyğun olmalıdır.

BMT-nin 19 saylıq qərarının 3.5.2 bəndində duman əleyhinə faralara quraşdırılan lampaların işarələnməsindən bəhs edilir. Bu işarələnmə led-in istifadəsi üçün lazımdır.  Modul olaraq tanınan işarələnmə "MD" adlanır  və onun ardınca rəsmi işarələnmə qeyd edilir. Həmçinin, texniki qaydalara əsasən qarşıdan gələn sürücünün gözünü qamaşdırmamaq üçün  2000 lümendən artıq işıq gücü olan lampalar  mütləq avtonizamlayıcı ilə təchiz edilməlidirlər. Beləliklə, əgər sizin avtomobilə quraşdırdığınız LED lampa MD işarələnməsi ilə deyilsə, bu zaman sizə cərimə yazılması tam doğru olacaq. Çünki MD işarələnməsi olmayan lampa duman əleyhinə rejimində deyil, adi rejimdə çalışmış olur. Bu həmçinin ksenonlara da aiddir. Əgər istehsalçıda bu nəzərdə tutulmayıbsa, duman işıqlarına ksenon quraşdırmaq olmaz. Bu qarşıdan gələn sürücüyə mane olur və qəza etmə ehtimalını artırır.

Ətrafımızda olan şəxslrə sayqı ilə davranaq və qaydaları pozmayaq.