GERİYƏ
Avtofayda 68806

Avtoxuliqanlıq nədir? Qanunla izah.

Tural Yusifov


Gün ərzində bizə çoxlu sayda avtoxuliqanlığın cəriməsi , nədən ibarət olduğu barəsində suallar gəlir. Və biz qanunda nəzərdə tutulmuş qaydaları ziah etmək qərarına gəldik.

cümə axşamı, 06 may 2021

İlk olaraq onu deyim ki, bizə zəng edən sürücülərin bir çoxu sağdan ötmə etdiklərini etiraf edir, amma əsla avtoxuliqan olmadıqlarını inkar edirlər. Klassik sxem belədir: Sizin qarşınızda gedən avtomobillərin sürəti sizə görə astadır. Siz sürəti artırıb onu sağdan(!) keçirsiniz, qarşıda sizi DYP inspektoru saxlayır. Sənədlərinizi alır və avtomobilinizi göndərir cərimə meydançasına. Və sizə avtoxuliqan olduğunuzu deyirlər.

Avtoxuliqanlıq nədir İnzibati Xətalar Məcəlləsi 511-ci maddəsində yazılıb:

Maddə 511. Avtoxuliqanlıq

511.1. Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə:

511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə;

511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə;

511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –

nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

511.2. Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

511.3. Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə –

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd: Yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə mexaniki nəqliyyat vasitəsini sərt tormozlamaq nəticəsində sürtünmə səslərinin çıxarılması və ya təkər izlərinin buraxılması hallarına bu Məcəllənin 511.1.3-cü maddəsinin qüvvəsi şamil edilmir.

Avtoxuliqanlığın tərifi bax budur. Lakin inspektorlar sağdan ötmə etməni xuliqanlıq kimi qeydə alırlar. Əslində isə siz sağdan ötmə edib, daha sonra sola keçib qəfil tormozlayıb təhlükə yaradır, avtomobilıinizin təkərlərinin izini yolda buraxır, başqa nəqliyyat vasitələri ilə yarışırınız, avtomobilin iki təkərini qaldırır və ya həmin yerdə icazə verilən maksimal sürəti 60 km saatla aşırsınız (60-lıq yolu 120 və ya daha artıq).  Bax, bu avtoxuliqanlıqdır. Yalnız sağdan ötüb, sürəti artırırsa, həmin sürücü avtoxuliqan kimi deyil manevr qaydalarını pozan kimi qeydə alına bilər.

Daha bir versiya: siz svetoforda bir az bərk tərpənirsiniz,arxadan gələn avtomobil sizi ötür,siz yenidən sürəti artırıb onu ötürsünüz (bəlkə də tanımadığınız biridir) və burada da sizi avtoxuliqan kimi rəsmiləşdirirlər. Əslində çox ehtiyyatlı olmaq lazımdır. Ötmə, manevr zamanı sərt hərəkətlərdən qaçın. Qarşınızda avtomobil ləngiyibsə, onu səbrsizlik göstərib sağdan ötməyin. Bəli, bu avtoxuliqanlıq deyil. Lakin, sizə qarşı ciddi ittiham sürülə bilər. Və avtomobilinizdə videoregistratoru əskik etməyin. Bu sizin sübutunuz olacaq.

Başqa bir məsələ sürücü avtomobil idarəetmədən uzaqlaşdırılır və avtomobil cərimə meydançasına gedir. Bunun üçün də qanuna baxırıq:

Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi

96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:

96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;

96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;

96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;

96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;

96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda.

VƏSSƏLAM!!! İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlığa görə avtomobil cərimə meydançasına gedə bilməz. Bu qanunda nəzərdə tutulmayıb. Avtoxuliqanlıqda ittiham edilən şəxs saxlanılır, protokol tərtib edilir, vəsiqə alınır (çünki məhdudlaşdırılma ola bilər), müvəqqəti gediş vərəqəsi verilir və sürücü sərbəst buraxılır. Daha sonra ya cərimə yazılır,  ya da məhkəməyə göndərilib bu əmələ görə sürücülük vəsiqəsinin məhdudlaşdırılması ilə bağlı qərar istənilə bilər.

DYP əməkdaşı sonrakı prosesdə mütləq sizin avtoxuliqanlıq etdiyinizin sübutunu təqdim etməlidir. Çünki bu ittiham ağır ittihamdır və bunu sübutsuz tətbiq etmək olmaz. Siz isə öz nəvbənizdə mütləq videoregistratorun görüntüsündən istifadə edin. onların sübutu olmasa da, sizin öz sübutunuz olsun.