GERİYƏ
Avtofayda 342

Niyə bizdə piyada ölümü çoxdur?

Tural Yusifov


"Sürət öldürür" yəqin ki, bir çoxlarınız bu ifadəni eşitmisiniz. Çox güman ki, bir çoxlarımız da bu ifadəni eşitsək də qaydaları pozmaqda davam edirik. Bu məqaləmdə mən sürücüləri, piyadaları günahlandırmaqdan çəkinmək istəyirəm. Çünki təyyarədə qəzả baş verəndə sərnişin günahkar deyil daşıyıcı şirkət məsuliyyət daşıyır.

çərşənbə, 21 aprel 2021

Axşam saatlarında Aeroport şossesində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi  baş verib. Sürücü bu hadisədə nə qədər məsuliyyət daşıyırsa, piyadanın bu məsələdə nə qədər günahı varsa, ondan çox məsuliyyət isə dövlət orqanlarının üzərinə düşür. Avtomagistral ideyası ilə şəhərdə avtomagistral olmayan,onun standartına cavab verməyən,  amma avtomagistral sürətində yol inşa ediblər. İndi də hamı deyir: "110-luq yolda piyada nə gəzir?"

Mənim isə sualım ayrıdır: Avtomagistral olmayan yolda, yaşayış məntəqəsinin əhatəsində əcaba 110 km saat sürət nə gəzir?

Nəqliyyat vasitələri: yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər (YHQ 50-ci maddə)

İlk məsələ budur ki, ərazidə hərəkət sürəti 110 olmalı deyil. Bundan öncə isə lap ağını çıxartmışdılar. Maksimal sürət saatda 120 km idi. Bir ildir ki, sürət 110-a endirilib. Bu sürətin  özü də qaydalara ziddir. Nəzərə alsaq ki, bizdə 110 yeri 10 km saata qədər sürətlə aşsanız sizə heç bir cərimə düşmür, demək sürücülər 120 km saat sürətlə getdikləri zaman daha artıq təhlükə yaratmış olurlar.

Bu infoqrafikaya diqqətlə baxın. 

Gördüyümüz kimi sürət nə qədər yuxarı olarsa, qəza etmək ehtimalı və qəzada ölüm ehtimalı artırır. Bir çoxlarınız etiraz edərək “Aeroport şossesi”-də yolun 100-dən aşağı olmasının tıxac olacağını deyəcəksiniz. Əvvəla tıxac sürətin aşağı olmasına görə deyil. Bizdə tıxacın səbəbi tam ayrıdır və bununla baölı dəfələrlə fikrimi demişəm. Guya burada 110, daha sonra Heydər Əliyev pr-də 110-lə gedib (icazə verilən sürət 90-dır) tıxaca düşmürsünüz? Yəni, sürət aşağı olsa tıxac olar münasibəti tam yanlışdır. Bu yolların buraxıcılıq qabiliyyəti haqqında sovet dövründən gələn bir mifdir. Yollar enli olsun, sürətli olsun daha çox maşın keçəcək və tıxac olmayacaq. Bunu deyənlər insan faktorunu unudublar. Yaşayış məntəqələrindən keçən sürətli yollarda insan nə edəcək?

Dünən qəzada həlak olan şəxsin keçdiyi yolun eni təxmini 80 metr-dir.  Yəni, xanım yolunu qısaldaraq keçmək istəyirdi. Sözün düzü niyə oradan keçmək istəyi ilə bağlı bir fikrim yoxdur. Ola bilər həmin an maşından düşüb, sürücü metronun “Koroğlu” stansiyasından dövr etməyin uzun olduğunu deyib və xanım qərar verib ki, yolu keçəcək. Ətrafda olan keçidlər çox uzaqdır deyə yolu bu cür keçib.

Xanım “Socar” YDM-ə ən yaxın keçiddən istifadə edərək  yolun o biri tərəfinə keçmək üçün 1.5 km məsafə qət etməlidir. İndi sual yaranır “Socar” YDM-də çalışanlar, o ərazidə yaşayanlar qohum, qonşu yolu necə keçməlidir? 1.5 km yolu qaçaraq qət etmək üçün bizə təxmini 9-10 dəqiqə vaxt lazımdır. “Tələsirdim” deyib qaydaları pozan sürücülərin piyada bu yolu gedəcəklərinə inanmıram. Xanım bu yolda ən qısa yolu seçmək qərarına gəldi. Qərarı düzgün idimi? Xeyr. Amma burada bir məsələ də var ki, axı bu insan psixologiyasıdır. Ən tezi, ən yaxını seçmək insanın təbii seçimidir. Tıxacda sağdan gəlib hamının qarşısından dürtülən az görmüsünüz? Bu da eyni qərardır. Ən tez və qısa məsafə. Yollar elə lahiyələndirilməlidir ki, qayda pozan ölməsin. 

Keçək sürücü məsələsinə: 

YHQ 50-ci maddə deyir

Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.

Hava qaralıb, sutkanın qaranlıq vaxtıdır və bizdə bir çox sürücülər hesab edirlər ki, tabloda nə varsa onu sürməlisən. Həmin yolda peşmansan ki, təhlükəsizlik üçün hərəkət sürətini aşağı salasan. Arxadan gələn sürücülər siqnal, işıq yandırıb söndürməklə özlərini həlak edirlər ki, “hamı getdi mən qaldım” 

Bir şeyi isə unuduruq. Sürət artanda görmə məsafəsi azalır, əyləc məsafəsi uzanır və qəza ehtimalı birə-beş artır. Burada hərəkət sürəti 90 olsaydı, sürücü hava şəraitini nəzərə alaraq 70 km saatla getsəydi, dayanmaq mümkün olardı. Tutaq ki, sürücü saatda 110 km sürətlə gedib. Sutkanın qaranlıq vaxtında heç olmasa saatda 90 km sürətə qədər sürəti endirməliydi. Bunun onun qanunla məsuliyyətidir. Görmə çətinləşib, hərəkət sürəti görmə məsafəsini daraldır. 

Bu məsələdə yalnız sürcüyə Allahdan kömək arzu edə bilərik. Ümid edirəm ki, sürücü hadisənin qarşını almaq üçün bütün imkanlardan istifadə edib. Sürət həddini aşmayıb.

Bəs piyada yolu necə keçməli idi?

Burada siz “Aeroport şossesi”-də iki keçid arasında məsafəni görürsünüz. Gördüyünüz kimi ətraf yaşayış massividir. Hamının evində 100% avtomobil yoxdur. Bəs bu adamlar yolu necə keçirlər?  Keçidlər arasındakı məsafə 2 km-dən çoxdur.   Demək bir şəxs gündə yolun bu tərəfindən o biri tərəfinə keçmək üçün 4 km -ə qədər məsafə qət etməlidir. Aranızda bu məsafəni qət edəcək neçə nəfər var?

Burada məsələ həmin ərazidə keçidlərin az , uzaqda olması və hərəkət sürətidir. Qanun deyir ki:

Avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır.

Burada keçidlər arasındakı məsafə 400-800 metrdən çoxdur. 

Hərəkət sürəti qanuna zidd olaraq saatda 110 km-dir və biz burada piyadada günah görürük. Istisna deyil ki, bu cür məsafələr bizə də eyni qərarı vermək məcburiyyəti yarada bilər. Biz bir neçə məsələni nəzərə almasaq yollarımızda daim ölüm olacaq. 

İlk məsələ: bizim üçün nə vacibdir? İnsan həyatı yoxsa sürətlə hərəkət edən avtomobillər? Heydər Əliyev pr-də saatda 90 km sürət nəyə lazımdır? Yusif Səfərovda tıxacda qalırsınızsa, 90-la gəlib qalacaqsan, ya 70-lə nə fərqi var? Ziya Bünyadovda makismal sürət saatda 90 km sürətdir guya bu tıxacın qarşısını alır.? Yollarımızda sürət aşağı salınmalıdır. Bu sürətli və enli yol psixozundan qurtulmaq lazımdır. Müasir nəqliyyat elmi yüksək sürəti inkar edir. Yollar, şəhərlər, küçələr insanlar üçün olmalıdır. Yüksək sürətli yollar avtomobilləşməyə yol açır. Nəticədə yolu keçə bilməyənlər sürətlə keçən avtomobillərə baxıb psixoloji zərbə alırlar. Bəli, belə bir nəzəriyyə də var var. Əvəzində o, gedib borc-xərc yeni avtomobil alacaq ki, yolu daha tez keçsin. Amma daha tez keçə bilməyəcək. Qaydalarda nəzərdə tutulmuş hərəkət sürətləri tətbiq edilməlidir. Şəhərdə hərəkət sürəti 50-70 arasında dəyişməlidir. Bir insan maksimum 5 km sürətlə hərəkət edirsə, şəhər içərisində maksimal sürət 50 km saat olmalıdır. Daha aşağı sürət daha az qəza. Daha az qəza və daha az ölüm. Belə bir statistika var saatda 45 km sürətlə toqquşma zamanı 50% piyadalar sağ qalırlar.

İndi bir çoxlarınız deyirsiniz ki, piyadaya da keçid olmayan yerdən keçdiyinə görə yüksək cərimə yazılsın, sürücü məsuliyyətdən azad edilsin və s. Qarşılıqlı sual - bu hadisə baş verən yerdə keçid var ki? Və ya avtomobilin içərisində oturub - “de ha keçiddən keçsin deyirsiniz”. Piyada  olaraq oraya nə qədər məsafə olduğunu bilirsiniz? Oturmuşuq avtomobildə piyadanın haradan keçəcəyinə qərar veririk. Bizdə nə hərəkət sürəti, nə keçidlər, nə də keçidlər arasındakı məsafə təhülkəsizlik meyarlarına adekvat deyil. Keçid əl çatan deyilsə, ondan heç kim istifadə etməyəcək. “Keçidin altından keçirlər”, “keçidə qalxmırlar” iddiası ilə çıxış edənlər də var aramızda. Şəhər içərisində yeraltlı və yerüstü keçidlər olmamamlıdır. “Aeroport şossesi” kimi yollarda isə keçidlər 800 metrdən uzaqda olmamalı və hər addım başı olmalıdır ki, təhlükəsizlik qorunsun. Koroğlu Rəhimov küçəsində keçid tikənə qədər “Aeroport şossesi”-də tikmək ən doğrusu idi. Kororğlu Rəhimovda daha çox piyada vulur ya Aeroport  şossesində. Bütün bunlar onu göstərir ki, hələ də yol hərəkəti təhlükəsizliyi ilə bağlı dövlət proqramı tam icar edilmir .

Yolların piyadalar üçün təhlükəsizlik dərəcəsinin təhlilini aparmaqla, piyadaların hərəkət təhlükəsizliyinin artırılmasına dair aşağıdakı təkliflərin hazırlanması - Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrinin yeraltı və yerüstü piyada keçidləri ilə təmin edilməsi səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə qısa müddətdə bu sahədə görülmüş işlərin, qabaqcıl beynəlxalq standartlar nəzərə alınmaqla, tam yoxlanılması və nəticəsi barədə hesabat hazırlanması, hesabat əsasında həmin yolların yeraltı və yerüstü piyada keçidləri ilə təmin edilməsinə dair Tədbirlər Planının hazırlanması və təsdiq edilməsi, Tədbirlər Planına müvafiq olaraq zəruri işlər görülməsinin təmin edilməsi və minimal sərmayə qoyuluşu ilə başa gələn yeraltı və yerüstü piyada keçidlərinin sayının artırılması, eynisəviyyəli piyada keçidlərinin siqnallaşdırılması səviyyəsinin təkmilləşdirilməsi - 2019-2020

Siz dəyişikliyi hiss edə bilirsiniz? Bəlkə biz piyadaların, sürücülərin üzərinə yüklənməkdənsə, yol hərəkəti təhlükəsizliyinə cavabdeh olan orqanlara sual verək ki, niyə bizdə piyada ölümü çoxdur?