Avtoxuliqanlıq nədir?
Avtoxuliqanlıq – ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmaq məqsədilə sürücülərin mexaniki nəqliyyat vasitələrindən istifadə etməsi, bu zaman yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan davranışlara deyilir. Bu cür hərəkətlər cəmiyyətə açıq-aşkar hörmətsizlik kimi qiymətləndirilir. Digər maddədə isə bu dəqiqləşdirilir.
Avtoxuliqanlıq hansı hallarda qeydə alınır?
511.1 – Avtoxuliqanlıq hallarına aşağıdakılar daxildir:
511.1.1 – İki və ya daha artıq avtomobilin iştirakı ilə açıq-aşkar sürət yarışı təşkil edilməsi.
511.1.2 – Avtomobilin bir və ya daha çox təkəri havada olmaqla idarə olunması (məsələn, təkərlə “wheelie” etmək).
511.1.3 – Davamlı şəkildə qəfil sürətlənmə ilə təkərlərin sürtünmə səsləri çıxarması və yol üzərində izlər buraxılması.
Bu hallarda sürücü:
500–750 manat arası cərimə olunur,
Və ya 15 gündən 1 aya qədər inzibati həbs,
Həmçinin 1 il müddətinə sürücülük hüququ məhdudlaşdırılır.
Qeyd: Əgər təkər sürtünməsi qəza təhlükəsini aradan qaldırmaq üçün qəfil əyləclə baş veribsə, bu hal avtoxuliqanlıq sayılmır.
Təkrar avtoxuliqanlıq (511.2)
Əgər yuxarıda sadalanan hərəkətlər bir il ərzində təkrar baş verərsə, artıq cəza daha sərt olur:
750–1000 manat cərimə,
Və ya 1–2 ayadək inzibati həbs,
2 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması tətbiq olunur.
Sürət həddini 60 km/saatdan çox aşmaqla törədilən avtoxuliqanlıq (511.3)
Əgər avtoxuliqanlıq hərəkəti zamanı sürücü müəyyən edilmiş sürət həddini 60 km/saatdan çox aşırsa, bu, daha ağır pozuntu sayılır:
2000–4000 manat cərimə,
Və ya 1–2 ayadək inzibati həbs,
2 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması tətbiq olunur.
Avtoxuliqanlığa görə avtomobil cərimə meydançasına aparılmır. İXM 96-cı maddədə bu bənd yoxdur. İnzibati protokol isə İXM 100-cü maddəsinə uyğun tərtib edilir.
Yenilənib: 23 May 2025 · Mənbə: AvtoStop redaksiyası



