Bugünkü rəqəmsal dövrdə yol hərəkəti qaydalarının pozulmasına görə yazılan cərimələr artıq poçt qutunuzda yox, cib telefonunuzda peyda olur. “Sənin adına qərar var” deyiləndə, çoxlarımızın ağlına gələn ilk sual budur: Bəs mənə bu barədə nə vaxt və necə məlumat verilib? Yaxud, əgər qərarla razı deyiləmsə, onu necə ləğv etdirə bilərəm?

Bu sualların cavabını İnzibati Xətalar Məcəlləsinin 125 və 126-cı maddələri verir. Gəlin, bu qanunları sadə və başa düşülən dillə izah edək.

492529396.png

125-ci maddə: Cərimə necə sizə çatdırılır?

Əvvəllər cərimə protokolları kağız formasında, yol polisi vasitəsilə və ya poçtla təqdim edilirdi. İndi isə bu proses tamamilə rəqəmsallaşıb.

Qanuna görə:

  • Qərar və protokol elektron formada həm mərkəzi informasiya sisteminə, həm də sizin şəxsi elektron kabinetinizə yerləşdirilir.
  • Əgər mobil nömrəniz sistemdə qeydiyyatdadırsa, sizə SMS bildiriş gəlir.
  • E-mail qeyd etmisinizsə, qərar ora da göndərilə bilər.

Diqqət!

Qərar elektron kabinetdə yerləşdirilməyibsə, o qərar hüquqi baxımdan qüvvəyə minmir. Yəni sizdən cərimə ödənişi tələb oluna, avtomobiliniz saxlanıla bilməz. (Maddə 125.8)

SMS bildirişində nələr olmalıdır?

  • Qaydaların hansı maddəsinin pozulduğu
  • Hadisənin vaxtı və yeri
  • Cərimənin məbləği
  • Elektron kabinetə keçid linki və istifadə təlimatı

Sistemdə qeydiyyat necə aparılır?

Avtomobili qeydiyyata salarkən təqdim etməli olduğunuz məlumatlar:

  • Mobil nömrə
  • Ünvan
  • E-mail (əgər varsa)
  • Sürücülük vəsiqəsinin nömrəsi

Bu məlumatlar dəyişdikdə, 3 gün ərzində yenilənməlidir(Maddə 125.5)

Əgər bu addımları atmışsınızsa, sizin adınıza şəxsi kabinet yaradılır və cərimə ilə bağlı bütün qərarlar buraya yerləşdirilir.

Qərarla razı deyilsiniz? – 126-cı maddəyə əsaslanın.

Bəzən kameralar səhv edə bilər, ya da sizin avtomobilinizdən kimsə icazəsiz istifadə edib qaydanı pozub. Belə hallarda şikayət etmək hüququnuz var.

Qanunvericiliyə əsasən:

  • Qərarın sizə təqdim olunduğu tarixdən etibarən 20 gün müddətində şikayət edə bilərsiniz.
  • Şikayət şəxsənpoçtla və ya onlayn formada təqdim edilə bilər.

Şikayət necə qiymətləndirilir?

  • Video materiallar təhlil edilir
  • Qanunsuzluq aşkarlanarsa – qərar ləğv edilir
  • Əks halda – qərar qüvvədə saxlanılır

Nəticə yenidən sizin elektron kabinetinizə yerləşdirilir və bildirişlə sizə xəbər verilir.

Hüququnuzu bilin və xəbərdar olun.

Cərimə gəldikdə təlaşa düşməyin — ilk olaraq elektron kabinetə daxil olun.

Qərarla razı deyilsinizsə, 20 gün ərzində şikayət edin. Bu, sizin hüququnuzdur.

Ən vacibi: avtomobil qeydiyyatında düzgün əlaqə məlumatları təqdim edin. Bu, sizi xəbərsiz qalan cərimələrdən qoruyar.

Yenilənib: 28 Dekabr 2024 · Mənbə: AvtoStop redaksiyası