Bu sualın cavabı İnzibati Xətalar Məcəlləsinin 144-cü maddəsində verilir.
Maddə 144 nə deyir?
144.1. Əgər cərimə ilə bağlı şikayət və ya prokuror protesti verilərsə, hakim və ya səlahiyyətli orqan qərarın icrasını dayandırmalıdır. Bu, xüsusi qərardad formasında rəsmiləşdirilir və dərhal icraçı orqana göndərilir.
Yəni: Şikayət verilən andan etibarən qərarın icrası — yəni cərimənin ödənilməsi, sürücülük hüququnun məhdudlaşdırılması və ya digər tədbirlər dayandırılmalıdır. Qərar hüquqi qüvvəyə minənədək icra edilə bilməz.
Amma bir istisna var: 144.2
Əgər tətbiq edilən tənbeh növü inzibati həbs və ya ictimai işlərdirsə, şikayət edilməsi belə bu qərarın icrasını dayandırmır. Bu, məhz cəmiyyətin təhlükəsizliyi ilə bağlı hallarda tətbiq edilir və bu da istisna olaraq maddədə yer alır.
Praktikada nə baş verir?
Qanunda açıq-aşkar yazılıb ki, şikayət verilərsə, icra dayandırılmalıdır. Lakin real vəziyyətdə:
- Cərimə yazılır.
- Sürücü qanuni 20 günlük müddətdə şikayət verir.
- Şikayətə baxılmadığı halda belə, cərimənin icra müddəti sayılır.
- Nəticədə dəbbə pulu (gündəlik faiz və ya cərimə) əlavə olunur.
Bu, 144-cü maddənin pozulması deməkdir. Çünki şikayət verilmişsə və icra dayandırılması barədə qərardad qəbul olunmalıdırsa, bu müddət ərzində əlavə öhdəliklər yaranmamalıdır.
Sürücülər nə etməlidir?
- Şikayət verdikdən sonra, şikayətin qeydiyyata alınması barədə sənəd alın.
- 144.1-ə əsaslanaraq, qərarın icrasının dayandırılması ilə bağlı qərardad tələb edin.
- Əgər dəbbə pulu yazılıbsa, şikayətə baxılmadığı müddətdə yaranmış məbləğə dair əlavə etiraz edin.
- Mümkünsə, hüquqi yardım alın – çünki bu, qanunun tətbiqi ilə bağlı məsuliyyət məsələsidir.
Qanunu bilinvə və haqlarınızı tələb edin.
Əgər şikayət vermisinizsə, cərimənin icrasının dayandırılması hüququnuz var.
Dəbbə pulu əlavə olunursa, bu, qanunsuz icra sayılır və məlum sənədlərlə sübut edilərək geri alına bilər.
Yenilənib: 10 May 2025 · Mənbə: AvtoStop redaksiyası



