İXM-in 122-ci maddəsi "İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası" adlanır. Bu maddə, əsasən, sürət həddinin aşılması, qırmızı işıqdan keçmə, parklanma qaydalarının pozulması kimi xüsusi texniki vasitələrlə (kameralar, radarlar və s.) qeydə alınan yol hərəkəti qaydaları pozuntuları üzrə icraatın necə aparıldığını müəyyən edir.

Maddə 122.1-də bu qaydanın tətbiq olunduğu xəta növləri (327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü) sadalanır. Bu o deməkdir ki, qanunvericiliklə dəqiq müəyyən edilmiş bəzi xətalar yalnız kameralar vasitəsilə aşkar edildikdə bu maddədə göstərilən xüsusi elektron icraat qaydası tətbiq olunur.

Maddə 122.1-ə əsasən, foto və ya video qeydiyyat vasitələri ilə xəta aşkar edildikdə, bu vasitələrdən alınan məlumatlar dərhal müvafiq dövlət orqanının mərkəzi informasiya sisteminə (məsələn, DYP-nin) ötürülür. Ən vacib məqam isə budur ki, bu proses real vaxt rejimində və elektron formada baş verir.

Sürücünün iştirakı olmadan, elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Bu qərar "Elektron imza və elektron sənəd haqqında" Qanuna uyğun olaraq səlahiyyətli əməkdaşın elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş elektron qərar, xətanı təsdiqləyən foto və ya video materiallarla birlikdə müvafiq informasiya sisteminə göndərilir.

Qərar kimin adına çıxarılır?

Maddə 122.2 qərarın kimin barəsində çıxarıldığını müəyyən edir. Elektron qərar, nəqliyyat vasitəsinin dövlət qeydiyyat məlumatlarına əsasən, ilk növbədə nəqliyyat vasitəsinin istifadəçisi (icarə, etibarnamə və ya digər istifadə hüququ əsasında qeydiyyata alınmış şəxs) barəsində çıxarılır. Əgər istifadəçi barədə məlumat yoxdursa, qərar nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barəsində çıxarılır. Hüquqi şəxslərin və ya dövlət qurumlarının mülkiyyətində/istifadəsində olan nəqliyyat vasitələri üzrə isə sürücü barəsində qərar çıxarılır.

Bu o deməkdir ki, əgər avtomobili siz idarə etməsəniz belə, lakin nəqliyyat vasitəsinin sənədlərində sizin adınız mülkiyyətçi və ya istifadəçi kimi qeyd olunubsa, elektron cərimə qərarı ilkin olaraq sizin adınıza gələ bilər.

Elektron qərarda nələr göstərilir?

Maddə 122.3 inzibati tənbeh vermə haqqında elektron qərarda hansı məlumatların əks olunmalı olduğunu sadalayır:

  • Xətanın aşkar edilməsində istifadə olunan texniki vasitələrdən alınan məlumatlar (xətanı sübut edən foto və ya video materiallar mütləq əlavə edilməlidir).
  • Elektron qərarla bağlı vəsatət verilməsi qaydası.
  • Təyin olunan inzibati cərimənin məbləği və onun ödənilməsi qaydası.

Bu məlumatlar sürücünün qərar barədə tam məlumat almasını və gələcək addımlarını (ödəmə, şikayət və s.) müəyyən etməsini təmin edir.

Yolda saxlayıb cərimə yazmaq olmaz!

Maddə 122.5, mənim fikrimcə, bu maddənin ən kritik müddəalarından biridir. Bu maddə qəti şəkildə qadağan edir ki, foto və ya video qeydiyyat vasitələrinin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandırıb yerində protokol tərtib edilsin və ya qərar çıxarılsın.

Yəni, əgər sürət həddini aşdığınıza görə radar kamerası sizi qeydə alıbsa, DYP əməkdaşı sizi saxlayıb dərhal cərimə yaza bilməz. Həmin xəta mütləq elektron sistemə ötürülməli və yalnız elektron qərar çıxarılmalıdır. Bütün belə texniki vasitələr mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.

Bu qadağa sürücülərin yerində subyektiv qərarlardan qorunmasına xidmət edir və prosesin tamamilə avtomatlaşdırılmış və şəffaf olmasını təmin etməlidir.

Maddə 122.4-ə görə, inzibati xəta hadisəsinin fotosu və bəzi xəta növləri (sürət, qırmızı işıq və s.) üzrə videoyazısı iş üzrə icraat başa çatanadək və hər bir halda sürücü qərar barədə məlumatlandırıldıqdan sonra üç aydan az olmayan müddətdəsaxlanılmalıdır. Bu müddət şikayət verilməsi və işin araşdırılması üçün zəruridir.

Cərimənin ödənilməsi və şikayət hüququ

Maddə 122.6 bildirir ki, barəsində elektron qərar çıxarılmış şəxs cəriməni qərar barədə məlumatlandırıldığı vaxtdan etibarən ödəyə bilər. Məlumatlandırma qaydası İXM-in 125.2-ci maddəsində müəyyən edilir (adətən elektron qaydada bildiriş və ya poçt vasitəsilə).

Ən vacib hüquqlardan biri isə şikayət hüququdur (Maddə 122.7). Əgər siz elektron qərarla razılaşmırsınızsa, məsələn, xətanın törədildiyi zaman nəqliyyat vasitəsini başqa bir şəxsin idarə etməsi, avtomobilin oğurlanması və ya digər səbəblərdən, siz həmin qərardan yuxarı səlahiyyətli orqana (məsələn, DYP-nin daha yuxarı qurumuna) və ya məhkəməyə şikayət verə bilərsiniz.

Şikayət verərkən, əgər avtomobili başqasının idarə etdiyini ehtimal edirsinizsə, bunu şikayətdə qeyd edə bilərsiniz. Əgər sizin göstərdiyiniz məlumatlar təsdiqini taparsa, elektron qərar ləğv edilir və həqiqi xəta törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür. Bu müddəa, xüsusilə də avtomobili tez-tez başqalarına verən mülkiyyətçilər üçün əhəmiyyətlidir.

Maddə 122.8 əlavə olaraq, şikayət vermiş şəxsin tələbi ilə ona həmin xətanın qeydə alınmasının texnologiyasının əyani şəkildə göstərilməsihüququnu müəyyən edir. Bu, sürücünün cərimənin necə və hansı avadanlıqla yazıldığı barədə məlumat almasına imkan verir.

İXM-in 122-ci maddəsi yol hərəkəti qaydalarının foto və ya video qeydiyyatı ilə aşkar edilən pozuntular üzrə icraatın tamamilə elektronlaşdırılmış və avtomatlaşdırılmış bir proses olduğunu göstərir. Bu sistemin məqsədi yol hərəkətinə nəzarətdə şəffaflığı, obyektivliyi və operativliyi artırmaqdır.

  1. Elektron xidmətlər vasitəsilə (məsələn, "E-xidmətlər" portalı, mobil tətbiqlər) nəqliyyat vasitəniz üzərində olan cərimələri vaxtaşırı yoxlayın. Bildirişlərin sizə çatmadığı hallar ola bilər.
  2. Əgər barənizdə çıxarılmış elektron qərarla razılaşmırsınızsa və ya xətanın törədildiyi zaman avtomobili siz idarə etmirdinizsə, İXM-in 122.7-ci maddəsində nəzərdə tutulmuş şikayət hüququnuzdan istifadə edin.
  3. Şikayət üçün müəyyən olunmuş müddətlərə (20 gün) diqqət yetirin.
  4. Şikayət verərkən, əlinizdə olan bütün sübutları (məsələn, həmin vaxtda başqa yerdə olduğunuza dair sübutlar) təqdim etməyə çalışın.

Məqaləni bölüşməyi də unutmayın ki, digərlərinin xəbəri olsun.

Yenilənib: 01 May 2025 · Mənbə: AvtoStop redaksiyası