Hər ikinizin maşını ayrı-ayrıdır, hər ikinizin icbari sığortası qaydasındadır. Lakin sığorta şirkəti deyir: "Ödəniş düşmür!"
Bəs bu nə dərəcədə qanunidir? Gəlin, sığorta şirkətlərinin "qalxan" etdiyi maddəyə və sizin mülki hüquqlarınıza nəzər salaq.
Sığorta şirkəti nəyə əsaslanır?
Sığorta şirkətləri bu vəziyyətdə dərhal "İcbari sığortalar haqqında" Qanunun 63.1.1-ci maddəsini masaya qoyurlar.
Orada yazılıb: "Sığortalanmış şəxsin və ya sığorta olunanın ailə üzvlərinə məxsus olan əmlaka zərər dəyməsi sığorta hadisəsi hesab olunmur."
Şirkətin məntiqi sadədir: "Siz ailəsiniz, büdcəniz birdir, deməli bu sığorta hadisəsi deyil."

Bəs Mülki Məcəllə nə deyir?
Burada sığorta qanunu ilə Mülki Məcəllə arasında ciddi bir "toqquşma" yaranır. Sürücülərin bilməli olduğu 3 vacib məqam var:
-
Əmlakın ayrılığı: Mülki Məcəllənin 225.5-ci maddəsinə görə, nikahdan əvvəl alınmış, hədiyyə verilmiş və ya vərəsəliklə keçmiş əmlak ər-arvadın ayrıca mülkiyyətidir. Əgər maşınlar ayrı-ayrı mülkiyyətdirsə, sığorta şirkətinin "ailə büdcəsi birdir" arqumenti hüquqi bazasını itirir.
-
Müstəqil müqavilələr: Qəzada iştirak edən hər bir avtomobilin ayrıca sığorta şəhadətnaməsi var. 3-cü maşının sürücüsü öz sığortasını "yoldaşımı vursam ödəniş edilməsin" deyə bağlamayıb. O, öz mülki məsuliyyətini (kimsəyə zərər vursa, sığorta ödəsin deyə) sığortalayıb.
-
Üçüncü şəxs anlayışı: Mülkiyyəti ayrı olan şəxs, qanun qarşısında "üçüncü şəxs"dir. Sığorta qanunundakı 63.1.1 maddəsi əslində eyni sığorta müqaviləsi daxilindəki sui-istifadələri (məsələn, maşının içindəki ailə üzvünün noutbukunun qırılması və s.) sığortadan kənar tutmaq üçün nəzərdə tutulub, ayrı-ayrı maşınların qəzasını yox!
Nə etməli?
Əgər sığorta şirkəti ailə üzvü olduğunuzu əsas gətirib imtina verirsə:
-
Yazılı imtina tələb edin. Şifahi "ödəniş yoxdur" sözünə inanmayın.
-
Mülkiyyət sənədlərini hazırlayın. Sübut edin ki, bu avtomobillər ailənin ortaq büdcəsi ilə yox, fərdi mülkiyyət kimi əldə edilib.
-
Məhkəmə preasidenti yaradın. Qanunvericilikdəki bu boşluq sığorta şirkətlərinin xeyrinə işləyir, lakin Mülki Məcəllənin "zərər vuran zərəri ödəməlidir" prinsipi daha üstündür.
Unutmayın: Əmlaka görə imtina etsələr də, qəza nəticəsində ailə üzvünün sağlamlığına zərər dəyibsə (xəsarət varsa), sığorta şirkəti qohumluğa baxmadan bütün müalicə xərclərini ödəməyə borcludur!
Ehtiyatlı olun, amma hüququnuzu da sığortasız qoymayın!
Yenilənib: 06 May 2026 · Mənbə: AvtoStop redaksiyası



