Hansı təkər və disklərə İCAZƏ VERİLİR?

Qanunvericilik sürücülərə zavod təkərlərini dəyişməyi qadağan etmir, lakin bu dəyişikliyin istehsalçı normativlərinə uyğun olmasını şərt qoyur. Aşağıdakı hallarda disk və təkər dəyişmək tam qanunidir:

Zavodun icazə verdiyi ölçülər (Birləşdirilmiş ölçülər): Hər bir avtomobilin sürücü qapısının kənarında (B sütununda) və ya yanacaq çəninin qapağında xüsusi bir cədvəl (birka) olur. Orada avtomobiliniz üçün icazə verilən bütün şin və disk ölçüləri (məsələn: 205/55/R16, 225/45/R17 və s.) qeyd edilir. Və ya avtomobil təkər seçimi saytlarında modelə uyğun təkər ölçüləri seçimi olur. Həmin ölçülər daxilində qaldığınız müddətcə istənilən diski quraşdıra bilərsiniz.

Oxlar üzrə eyni tipli təkərlər: Avtomobilin eyni oxunda (yəni hər iki ön təkərdə və ya hər iki arxa təkərdə) eyni ölçülü, eyni naxışlı, eyni modelli və eyni mövsümlü təkərlər olmalıdır.

Nümunə: Ön iki təkərin eyni brend və eyni ölçüdə, arxa iki təkərin isə başqa bir eyni brend və ölçüdə (əgər zavod arxaları geniş nəzərdə tutubsa) olmasına qanun icazə verir. Mövsümi təkərlər: Hava şəraitinə uyğun olaraq qış, yay və ya "All Season" (dörd fəsil) təkərlərindən istifadə etmək tamamilə qanunidir.

"Yol hərəkəti haqqında" Qanunun 1 saylı Əlavəsinin V hissəsi ("Təkərlər və təkər oxları"). Burada bildirilir ki, nəqliyyat vasitəsinin modelinə uyğun gələn və normativləri pozmayan ölçülərdə olan şinlərin istismarı tam qanunidir.

Geely-4

Hansı təkər və disklər QƏTİ QADAĞANDIR?

Yollarda vizual effekt xatirinə edilən və həm qəza riski yaradan, həm də qanunla qadağan olunan əsas xətalar:

A) Standartdan kənar böyük disklər Əgər avtomobilin zavod tərəfindən icazə verilən maksimum disk ölçüsü 17 düymdürsə (R17), bura 19 və ya 20 düymlük disk quraşdırmaq qadağandır. Bu, avtomobilin sürət göstəricisini alt-üst edir, asqı sistemini vaxtından tez sıradan çıxarır və ən əsası qanunla konstruksiya dəyişikliyi hesab olunur.

B) Qanadlardan kənara çıxan təkərlər (Ofset və Spacer xətası) Sürücülər arasında "maşın dördb künc otursun" deyə təkərləri çölə çıxarmaq dəbdədir. Bunun üçün ya diskin ofseti (ET göstəricisi) səhv seçilir, ya da diskin altına "Spacer" (flans / ara kəsmə) qoyulur.

Qanun deyir: Avtomobilin təkəri qanad xəttindən kənara çıxmamalıdır. Çünki çölə çıxan təkər yerdəki daşları və çirki arxadakı maşınların alın şüşəsinə fırladır və digər sürücülər üçün real təhlükə yaradır. Flans (spacer) istifadəsi qəti qadağandır.

C) Eyni oxda fərqli təkərlər

Ön oxun sol tərəfinə başqa marka, sağ tərəfinə isə tam fərqli naxışlı digər marka təkər qoymaq qadağandır. Bu zaman tormozlama zamanı maşının sağa-sola çəkmə və aşma riski yaranır. Digər qadağalar: Radial şinlərlə diaqonal şinlərin birgə quraşdırılması; Bir oxda həm qış (şip), həm də yay təkərinin olması.

D) Protektorun yeyilməsi Təkərin naxışlarının dərinliyi normadan az olduqda avtomobilin istismarı qadağandır. Minik avtomobilləri üçün bu limit minimum 1.6 mm-dir. Bundan aşağı olan təkərlərlə yola çıxmaq intihardan fərqsizdir.

E) Zədəli və qaynaqlı disklər Üzərində çat olan, disk düzəltmə mərkəzlərində əyri-üyrü qaynaq olunmuş disklərlə hərəkət etmək olmaz. Yüksək sürətdə həmin diskin qırılma ehtimalı 90%-dir.

. Cərimələr: Sürücünü Hansı Cəzalar Gözləyir? Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən, disk və təkər qaydalarını pozanlara tətbiq edilən sanksiyalar iki yerə bölünür:

Yeyilmiş təkər və ya eyni oxda fərqli model təkərlər: Protektor naxışının qalınlığı normalara uyğun olmadıqda, təkərdə yırtıq olduqda və ya eyni oxda fərqli ölçü/naxış olduqda. Maddə 342.1.3 50 AZN cərimə

Qanunsuz böyük disklər və spacer (flans): Zavod tərəfindən nəzərdə tutulmayan ölçüdə disk qoyulduqda və ya flans vasitəsilə təkərlər qanadlardan kənara çıxarıldıqda (Konstruksiya dəyişikliyi). Maddə 342.2.2 150 AZN cərimə

Düzgün seçim necə olmalıdır?

Böyük disk və standartdan kənar təkər təkcə cərimə demək deyil, həm də cibinizə ziyandır:

Asqı sistemi dağılır: Böyük disk və nazik təkər yoldakı bütün zərbələri birbaşa amortizatora, şarlavoya və stupitsa podşipnikinə ötürür. Yanacaq sərfiyyatı artır: Təkərin eni artdıqca yerlə sürtünmə sahəsi böyüyür. Bu isə mühərrikin daha çox güc sərf etməsinə və yanacağın 10-15% artmasına səbəb olur. Spidometr səhv göstərir: Təkərin xarici diametri böyüdükdə spidometriniz ekranda 100 km/saat göstərsə də, faktiki sürətiniz 110-115 km/saat ola bilər ki, bu da radara düşməyinizlə nəticələnər.

Avtomobilinizə vizual yenilik qatmaq istəyirsinizsə, qapının kənarındakı zavod birkasında yazılmış ən böyük ölçünü seçin (məsələn, zavod R15-dən R17-yə qədər icazə veribsə, R17 qoyun). Beləcə həm qanun qarşısında təmiz qalacaqsınız, həm də avtomobilinizin zavod təhlükəsizlik balansını pozmayacaqsınız.

Yolunuz açıq, təkəriniz yerə düz bassın!

Yenilənib: 17 İyun 2026 · Mənbə: AvtoStop redaksiyası