İcbari sığorta isə avtomobil sahibinin və ya sürücüsünün başqa üçüncü şəxslərin əmlakına, o cümlədən həyat və sağlamlığına vurduğu ziyanın əvəzinin ödənilməsini təmin edir.

Sadə dillə izah etsək, əgər sizin kasko sığortanız yoxdursa və yol nəqliyyat hadisəsində təqsirkar tərəf sizsinizsə, icbari sığortanız qarşı tərəfin zərərini ödəyəcək, sizin zərərinizi isə özünüz ödəməli olacaqsınız. Sizə tövsiyyəmiz odur ki, avtomobiliniz varsa, hər ikisini əldə edin.

KASKO SIĞORTASININ QİYMƏTİ ADƏTƏN NECƏ MÜƏYYƏN EDİLİR?

Klassik kasko sığortasında avtomobilin real bazar dəyəri əsasında onun sığorta məbləği müəyyənləşdirilir. Daha sonra həmin sığorta məbləğinə sığorta tarifi deyilən faiz (%) dərəcəsi tətbiq edilir və sığortanın qiyməti ortaya çıxır. Sığortanın qiyməti avtomobilin növündən, tipindən, markasından, modelindən, mühərrikinin həcmindən, yaşından, vəziyyətindən, hətta sürücünün kimliyindən asılı olaraq dəyişə bilər.

Kasko Sığortası adətən avtomobil sahiblərini hansı hallardan qoruyur?

Kasko Sığortası alarkən sığortalılar təminata daxil olan hallara xüsusi diqqət yetirməlidirlər. Bu hallar sığorta şirkətindən və müqavilənizdən asılı olaraq dəyişilə bilər. Siz bütün risklərdən də sığortalana bilərsiniz, bir sıra seçilmiş risklərdən də. Sığorta təminatının miqyası nə qədər geniş olarsa, sığorta haqqı da o qədər çox ola bilər.

KASKO SIĞORTASINDA SƏLAHİYYƏTLİ SÜRÜCÜ NƏ DEMƏKDİR?

Kasko sığorta müqaviləsi bağlanarkən sığorta şirkətləri avtomobili sürməyə səlahiyyəti olan şəxslər barədə məlumat göstərirlər. Və əgər hadisə baş verən zaman sükan arxasında olan şəxsin səlahiyyətli olması müəyyən edilməzsə, sığorta şirkəti ödəniş verməkdən imtina etmək hüququna malikdir. Bu tələb isə hadisə zamanı bir çox hallarda sığortalı - sığortaçı münasibətlərinin gərginləşməsinə səbəb olur.

ƏKSƏR HALLARDA SIĞORTALILAR AVTOMOBİLLƏRİNƏ DƏYMİŞ ZƏRƏRİN ƏVƏZİNİN ÖDƏNİLMƏSİ FORMASINDAN NARAZI QALIRLAR. SƏBƏB NƏDİR?

Sığorta qanunvericiliyində müəyyən edilib ki, zərərin əvəzinin ödənilməsi formasını seçmək sığortaçının hüququdur. Bəzən müştəri zərərin əvəzinin pulla ödənilməsini tələb edir ki, təmir işlərini özü aparsın. Sığorta şirkəti isə buna razı olmur və avtomobili özünün arzu etdiyi məntəqədə təmir etdirəcəyini bəyan edir. Bu onun hüququ olsa da, sığortalını qane etməyə bilir.

MÜASİR AVTOMOBİL SAHİBLƏRİ ARZU EDİRLƏR Kİ, SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ ONLARIN AVTOMOBİLİ RƏSMİ SERVİSLƏRDƏ TƏMİR EDİLSİN. LAKİN, BİR ÇOX HALLARDA SIĞORTA ŞİRKƏTLƏRİ BUNU TƏMİN ETMİRLƏR. SƏBƏB NƏDİR?

Müşahidələr onu göstərir ki, rəsmi servislərdə təmir qiymətləri digər servis məntəqələrindən daha baha olur, ona gör ki, rəsmi servislərdə adətən detalları təmir etmirlər və yenisi ilə dəyişməyə üstünlük verirlər. Eyni zamanda rəsmi servislərdəki qiymətlərlə bağlı adətən sövdələşmə etmək olmur. Bu isə təmir xərcinin artmasına səbəb olur. Ona görə də rəsmi servis təminatı verilən sığorta müqavilələrinin qiyməti digərlərindən daha baha olur.

Kasko Sığortası müqaviləsində tez-tez bu ifadəyə rast gəlirik - köhnəlmə əmsalı.

Əgər sığorta müqaviləsində müəyyən rəqəmlə və ya faizlə ifadə olunan köhnəlmə əmsalı qeyd edilibsə, bu o deməkdir ki, sizin avtomobilinizin köhnəldiyi hər ilinə görə sizə ödəniləcək sığorta ödənişi azaldılacaq. Bir misalla izah edim: tutaq ki, sizin müqavilənizdə avtomobilin 2 yaşından sonra hər il üçün 5 % köhnəlmə əmsalı tətbiq edilməsi müəyyən edilib. Sizin avtomobiliniz 2010 cu ilin istehsalıdır, deməli 2 yaşdan artıq 6 ilin hər biri üçün sizə 5 %, ümumilikdə 30 % köhnəlmə əmsalı hesablanacaq. Zərəriniz 5000 manatdırsa, alacağınız ödəniş 30 %, yəni 1500 manat azalacaq və 3500 manat təşkil edəcək.

KASKO SIĞORTALARINDA SIĞORTA ŞİRKƏTLƏRİ ZƏRƏRİN ƏVƏZİNİ ƏN GEC NEÇƏ GÜNƏ ÖDƏMƏLİDİRLƏR?

Qanunvericiliyə əsasən hadisənin baş verməsinə dair tələb olunan son sənəd ona təqdim edildikdən sonra 7 gün ərzində sığorta şirkəti ödənişi həyata keçirməli və ya əsaslandırılmış şəkildə ödənişdən imtina etməlidir. 7 gündən gec ödədikdə isə hər gecikdirilmiş gün üçün sığortalıya həmin məbləğin 0.1 % məbləğində dəbbə pulu ödəməlidir. Lakin, nəzərə alsaq ki, bir çox hallarda tələb olunan sənədin gəlməsi 20 gün çəkir, daha 7 gün də üzərinə gəlsək, sığortalı ödənişi təxminən 1 ay ərzində alır.

Yenilənib: 24 Noyabr 2024 · Mənbə: AvtoStop redaksiyası