Çox sürücünün soruşduğu sual: zolaqların arasından, maşınların yanından keçmək olarmı? Qanun bunu nə icazə verir, nə də birbaşa qadağan edir. Açıq norma olmadığından bu hərəkət etmək, qaydaların ümumi ruhuna uyğun deyil. Praktikada DYP inspektoru belə hərəkəti 49-cu maddənin pozuntusu kimi dəyərləndirə bilər.

Dayanma zamanı isə motosikletçilər üçün bir imtiyaz var. Qanunun 52-ci maddəsinə görə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanıb dura bilər. Yəni motosiklet digər motosikletin yanında, avtomobilin yanında dayana bilər.

1776589442051

  1. Gündüz işıq yandırmaq məcburidir

Bu qayda çoxunu təəccübləndirə bilər. Gündüz işıq yandırmaq niyə lazımdır? Amma qanunun 73-cü maddəsinin V hissəsi bunu birbaşa tələb edir:

"Sutkanın işıqlı vaxtında hərəkət edən nəqliyyat vasitəsini göstərmək məqsədilə aşağıdakı nəqliyyat vasitələrində faranın yaxın işıqları yandırılmalıdır: 1) motosiklet və mopedlərdə..."

Yəni avtomobillərdə gündüz işıq yandırmaq ixtiyaridir, motosikletdə isə məcburidir. Səbəb sadədir: motosiklet yolda daha az görünür. Gündüz yaxın işıq qarşıdan gələn nəqliyyatın sürücüsünün diqqətini çəkir, bədbəxt hadisələrin qarşısını alır.

Gündüz işıqsız sürsəniz cəriməniz: İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə görə 30 manat.

  1. Motodəbilqə məcburidir

Qanunun 37-ci maddəsinin I hissəsinin 6-cı bəndi deyir:

"...motosikletdə isə motodəbilqəni düymələməli və sərnişinlərin də motodəbilqəni düymələməsini təmin etməlidir."

Yəni həm sürücü, həm də arxada oturan sərnişin motodəbilqə taxmalıdır. Taxmaq kifayət deyil, düymələmək məcburidir. Düymələnməmiş dəbilqə qəzada heç bir qoruma vermir.

Cəriməsi: 329.2-ci maddəyə görə 40 manat.

  1. Sürət həddi

Qanunun 50-ci maddəsinin II hissəsinə görə motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda

"...saatda 90 kilometrdən çox olmayan sürətlə..."

hərəkət etməlidir. Yaşayış məntəqəsinin içindəki ümumi məhdudiyyət isə saatda 60 km-dir.

Qeyd: Avtomagistralda da motosiklet üçün hədd saatda 90 km-dir. Avtomobil üçün isə avtomagistralda 110 km icazə verilir. Bu fərqi bilmək lazımdır.

  1. Yedəyə alma qadağası

Qanunun 55-ci maddəsinin VI hissəsi yedəyə almanın qadağan olunduğu halları sadalayır. Orada deyilir:

"Aşağıdakı hallarda yedəyə alma qadağan edilir: ...3) ikitəkərli motosikletlərlə, mopedlərlə və ya onları..."

Yəni ikitəkərli motosiklet nə başqa nəqliyyat vasitəsini yedəyə ala bilər, nə də özü yedəyə alına bilər. Yanqoşqulu motosikletə bu qadağa şamil edilmir.

  1. Telefon və diqqəti yayındıran hərəkətlər

Qanunun 37-ci maddəsinin V hissəsinin 2-ci bəndinə görə hərəkət zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək bütün sürücülərə qadağandır. Bu qayda motosikletçilərə də aiddir.

Həmçinin həmin maddənin 3-cü bəndinə görə hərəkət zamanı

"...sükanı əlindən buraxmaq, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etmək..."

qadağandır. Motosikletçilər arasında populyar olan "əlsiz sürüş" bu maddənin birbaşa pozuntusudur.

Yenilənib: 07 May 2026 · Mənbə: AvtoStop redaksiyası