Hər zaman avtomobilimizi texniki cəhətdən saz vəziyyətdə saxlayırıq. İşıqlar, təkər, əyləc sistemi. Hava şəraitini mütləq nəzərə alırıq. Yağış, qar, gecə, işıqlandırılmayan sahələrdən keçdikdə hərəkət sürətini aşağı salırıq.
Bu, bizim özümüzü qorumaq üçün atdığımız addımlardır. Bəs hadisə baş verdikdə nə edirik?
Avtomobildən enib, zərər çəkmiş şəxsləri müəyyən edirik (sərnişin və ya piyada). İlkin tibbi yardım göstərməyə çalışırıq. Bacarmırıqsa, bunu indidən öyrənirik.
Hadisə şahidləri varsa, telefon nömrələri və adlarını götürürük. Təcili yardım, polis və sığortaya məlumat veririk. Təcili yardım gecikərsə, vurulan şəxsi xəstəxanaya yola salırıq və ya özümüz aparırıq. Getməzdən öncə mütləq bu barədə polisə məlumat verib bu anı qeydə aldırırıq.
Videoqeydiyyatçıda qeyd edilmiş video yazını yaddaş kartında saxlayıb, iş üzrə sübut kimi protokola əlavə etdiririk. Zərər çəkmiş şəxsə görə xəstəxanaya sığorta gələnə qədər hansısa ödəniş etmişiksə, onun rəsmi çeklərini alırıq. Xəstəxanadan zərərçəkənin aldığı xəsarətlə bağlı həkim rəyi ilə tanış oluruq.
Polisdə izahat verən zaman hadisənin başvermə anını dəqiq və təfərrüatlı yazırıq. Tibbi yoxlanışdan keçirik və əgər bizim və ya avtomobilimizdə olan şəxsin sağlamlığına zərər yetirilibsə, onu da qeydə aldırırıq. Avtomobilimizə dəymiş ziyanı müəyyən edib qüsur aktı alırıq.
Bəs məhkəmədə özümüzü necə qoruyuruq?
Kamera görüntülərinə baxmağı tələb edirik. Ərazidə piyada keçidi varsa və piyada keçid əvəzinə yolun ortasından keçibsə, onu mütləq qeyd edirik.
Sizə qarşı bu maddə ittiham kimi irəli sürülə bilər:
263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda.
Ona görə, mütləq avtomobilinizin texniki vəziyyəti haqqında texniki ekspertizanın rəyinə diqqət çəkin. Yəni, siz avtomobilin istismar qaydalarını pozmamısınız.
Əlavə olaraq, hava şəraitini də nəzərə aldığınız (sürət, işıqlandırma və s.) texniki ekspertizada öz əksini tapmalıdır. Yəni, hava qaranlıqdır, yağış yağır, işıqlandırma yoxdur və siz saatda 40 km sürətlə hərəkət edirdiniz. Hava şəraitini nəzərə alaraq maksimum sürətdən qaçının.
Videoqeydiyyatçıda qeyd olunan videodan diqqətinizin yayınmadığı da göstərilməlidir. Piyada tərəfindən YHQ pozulmasına görə qəza baş verdiyini məhkəmədə qeyd edib, piyada qarşı inzibati və ya cinayət işinin (dəymiş zərərdən asılı olaraq) açılmasının zəruri olduğunu vurğulayırıq.
Çünki cinayət məcəlləsində belə bir maddə var:
267. Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozma
- 267.1. Sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda — iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bizim qanunda “bütün qəzalarda sürücü günahkardır” yanaşması yoxdur. Piyadalar üçün də cəza nəzərdə tutulur. Həmçinin, siz piyadadan və ya həlak olarsa yaxınlarından sizə dəymiş ziyana görə kompensasiya tələb edə bilərsiniz. Avtomobilinizin kasko sığortası olarsa, kasko sığorta sizə dəymiş ziyanı ödədikdən sonra subroqasiya qaydasında onlardan dəymiş zərərin qarşılığını ala bilər.
Bəzən piyadanın yaxınları sürücünü şantaj edirlər. Şantaja boyun əyməyin. Qaydanı siz pozmamısınızsa, onları məhkəməyə verib ödəniş ala biləcəyinizi deyin. Və mütləq bütün proseslərin yazılı sübutlarını əldə edin və toplayın.
Yekun olaraq:
-
Avtomobilinizə videoqeydiyyatçı quraşdırın.
-
Kasko sığortanız olsun.
-
Qaydaları pozmayın.
Yenilənib: 24 Noyabr 2024 · Mənbə: AvtoStop redaksiyası



