Qanunvericiliyə əsasən, YNH – nəqliyyat vasitəsinin iştirakı ilə baş verən, nəticəsində:

  • insanlar ölərsə və ya xəsarət alarsa;
  • nəqliyyat vasitəsi zərər görərsə;
  • yol infrastrukturu və ya başqa əmlak zədələnərsə, baş vermiş hadisə sayılır.

Qanuna əsasən, heyvanlar da əmlak sayılır:

  • vəhşi heyvanlar dövlətə məxsusdur
  • ev heyvanları və ferma heyvanları fiziki şəxslərə aiddir.

Hətta sahibsiz it və pişiklər də hüquqi baxımdan “əmlak” hesab olunur.

Bu səbəbdən siz heyvanı vurmusunuzsa – bu Yol-nəqliyyat hadisəsidir.

Əgər heyvan xəsarət alıb qaçıbsa və yalnız avtomobiliniz zərər görübsə, bu da YNH sayılır.

Hadisə zamanı nə etməli?

  1. Hadisə yerini tərk etməyin.

Yalnız aşağıdakı hallarda hadisə yerindən uzaqlaşmaq mümkündür:

  • İki avtomobil toqquşub, zərərçəkən yoxdur, hər iki avtomobildə sığorta (icbari) var və sürücülər günahkarın kim olması ilə bağlı razılaşıb.
  • İnsan xəsarət alıb və təcili yardım gecikir və ya gəlməkdən imtina edirsə, sürücü zərərçəkəni xəstəxanaya çatdırıb dərhal hadisə yerinə qayıtmalıdır.

Heyvan vurulması bu hallara aid deyil. Hadisə yerindən uzaqlaşmaq qanun pozuntusudur.

  1. Qəza-durma siqnalını qoşun və xəbərdarlıq nişanı qoyun:
  • Şəhərdə: 15 metr məsafədə
  • Şəhərdən kənarda: 30 metr məsafədə.

Qaranlıqda və ya pis hava şəraitində reflektor jilet olsa, çox yaxşı olar.

  1. Hadisəni foto/video ilə sənədləşdirin.

Nəqliyyat vasitəsi və heyvanın mövqeyini, zədələri, ətraf mühiti çəkin.

  1. Yolu boşaltmaq mümkündürsə, edin.

Yaralı heyvanı (məsələn, it, pişik) yol kənarına və ya avtomobilə daşıya bilərsiniz. Vəhşi heyvana yaxınlaşmayın – təhlükəli ola bilər. Avtomobil hərəkətə yararlıdırsa, yol kənarına çəkin.

  1. 102 və ya 112 nömrələrinə zəng edin.

Hadisəni izah edin, DYP əməkdaşını gözləyin.

  1. DYP əməkdaşı ilə YNH protokolu tərtib edin.

Hadisənin təfərrüatlarını və foto/videonu təqdim edin, protokolu imzalayın.

Bu zaman hüquqi məsuliyyət varmı?

Əgər hadisə yerindən uzaqlaşmamısınız və protokol tərtib olunubsa – cinayət və ya inzibati məsuliyyət yoxdur.

Lakin sürücü mülki məsuliyyət daşıyır.

  • Heyvan sahibi (fiziki şəxs və ya dövlət) maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilər.
  • Razılaşma əldə olunmazsa – məhkəmə müraciəti mümkündür.

Sürücü yalnız fors-major (qaçılmaz hadisə) sübut edərsə, məsuliyyətdən azad oluna bilər.

Məsələn:

  • Yol nişanları yox idi, heyvan qəfil çıxıb, reaksiya vermək mümkün deyildi.

Əleyhinizə ola biləcək amillər:

  • Sürət həddinin aşılması
  • Yol nişanlarına laqeydlik
  • Yol nişanı olan ərazidə ehtiyatsızlıq
  • Hadisədən sonra heyvana yardım göstərməmə.

Heyvan sahibinin günahı olarsa:

  • Heyvanın nəzarətsiz buraxılması (xüsusilə yol kənarlarında)
  • Qoyun, mal-qara kimi heyvanların nəzarətsiz yola çıxması – bu zaman sahib məsuliyyət daşıyır.

Sürücü nəyi ödəməlidir?

  • Maddi zərər – heyvanın qiyməti və ya müalicə xərcləri
  • Mənəvi zərər – heyvan sahibinin iddiası üzrə məhkəmə qərarı ilə
  • Əgər heyvan ölübsə – növ və cins üzrə qiymətlə kompensasiya.

Məsələn: Sürücü iti vurub qaçıb. Sahibə məhkəməyə müraciət edib, müalicə və mənəvi zərər tələb edib. Məhkəmə kompensasiyanın yarısınıtəyin edib, çünki it nəzarətsiz buraxılmışdı – sahibə də məsuliyyət daşıyır.

Sürücü zərəri kimdən ala bilər?

  • Vəhşi heyvan vurulubsa – kompensasiya almaq mümkün deyil. Dövlət buna görə məsuliyyət daşımır.
  • Ev heyvanı vurulubsa – məhkəmə heyvan sahibindən zərərin bir hissəsini ödəməyi tələb edə bilər.
  • Zərərin bölüşdürülməsi mümkündür.

Sığorta ödənişi mümkündürmü?

  • Sığortasız (İCBARİ) – ödəniş yoxdur.
  • Sığortalı və günahkar sizsinizsə – sığorta 5000 manata qədər zərəri qarşılayır. Artıq məbləği siz ödəməlisiniz.
  • Avtomobil təmiri – yalnız KASKO varsa, ödənilir.
  • Əgər heyvan sahibi günahkardırsa – siz kompensasiya ala bilərsiniz.

Bu vəziyyətlərdə qanun və insanlıq prinsiplərinə əməl etmək vacibdir. Hadisəyə dərhal reaksiya, sənədləşdirmə və yardım həm hüquqi məsuliyyətdən qoruyar, həm də vicdani rahatlıq təmin edər.

Yenilənib: 06 May 2025 · Mənbə: AvtoStop redaksiyası